"Azərbaycanla Ukrayna arasında həmişə möhkəm və ənənəvi dostluq münasibətləri olub" — ATXƏM sədri

SİYASƏT 08 aprel 2025, 18:45
“Rusiyanın Ukraynaya genişmiqyaslı işğal hücumundan artıq 3 il keçir. Bu münaqişədə 40 mindən çox dinc sakin həlak olub, 380 min əsgər yaralanıb, on minlərlə hərbçi itkin düşüb”.

Bunu “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında deyib. 

O qeyd edib ki, ölənlər arasında 669 uşaq var:

“Bu sarsıdıcı, dəhşətli bir faktdır.  Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin verdiyi məlumata görə, Rusiya qüvvələri aprelin 4-də səhər saatlarında Krivoy Riq istiqamətində iki ballistik raket atıblar. Raket yaşayış massivinə düşüb, 14 mülki şəxs həlak olub, onlardan 6-sı uşaqdır. 50-dən çox insan isə xəsarət alıb. Rəqəmlərin dəyişəcəyi istisna edilmir. Bu, son günlər Krivoy Riqə ikinci raket hücumudur. Həmişə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinin, aqressiv hücumlarının əleyhinə olmuşuq”. 

Sədr diqqətə çatdırıb ki, Azərbaycanla Ukrayna arasında həmişə strateji əməkdaşlıq, möhkəm və ənənəvi dostluq münasibətləri mövcud olub:
“Ukrayna xalqının müstəqil demokratik dövlət kimi möhkəmlənməsini və inkişafını arzulayırıq. Mən bir təşkilat rəhbəri kimi, müharibə başladığı ilk günlərdən Rusiya tərəfindən ədalətsiz bir müharibə olduğunu dəfələrlə bildirmişəm və bu barədə mətbuat səhifələrində çıxışlarım olmuşdur.  Biz müstəqil, demokratik, güclü Ukraynanı və bu amac uğrunda mübarizə aparan Ukrayna xalqını hər zaman dəstəkləyirik. Bu müharibənin  tezliklə dayandırılacağına ümid edirik.  Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top