
Əbu Müslüm Xorasani Əməvilərə qarşı üsyan bayrağı qaldırmış, Azərbaycanın Quba rayonunun dağ kəndlərində - Qrız, Cek və Xınalıq kəndlərində bu adda məscidlər yadigar qoymuşdur.
Qrız kəndindəki Əbu Müslüm məscidi kənd ağsaqqallarından Şıxbaba Mehdiyevdən aldığım məlumata görə, hicri 131, yəni miladi 748/749-cu ilə aiddir. Bu məscidi Cek və Xınalıqdan hələlik öyrəndiyim qədəri ilə fərqləndirən və onu Azərbaycanın ən qədim 3-cü məscidinə (Dərbənd, Şamaxı Cümə məscidlərindən sonra) çevirən bir mühüm əsas var. Əbu Müslüm adlı sərkərdə xorasanlı idi və bugün Qrızda Xoraşenlilər (yəni Xorasanlılar) adı ilə tanınan bir nəsil var. Məscidin qabağında tanıtım lövhəsi qoyulub. Torpağın üstündə olan bu məscid necə qorunursa, onun naxışlarla bəzədilmiş taxtaları kəndin ərazisinə səpələnib. Budurmu qorunma?..
Düzəltmirlər, barı heç olmasa dağıdılmasına göz yummasınlar...
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu məsələni də diqqətdə saxlasa yaxşı olar.
(modern.az)