Son 80 ilin yeganə qalibi — Azərbaycan hərb tarixini yenidən yazdı

GÜNDƏM 20 mart 2025, 17:42
Bəşəriyyət sonuncu dəfə böyük müharibəni 80 il öncə - II Dünya müharibəsində yaşamışdı və bundan sonra ötən müddətdə lokal və regional müstəvidə müxtəlif müharibələr, silahlı toqquşmalar baş verdi. Tarix maraqlı detalı özündə gizlədir: II Dünya müharibəsindən sonra baş verən savaşlarda qalib demək olar ki, bəlli olmayıb.

Vyetnamda ABŞ nəticə əldə etmədən döyüş meydanını tərk etdi. SSRİ eyni aqibətlə Əfqanıstanda üzləşdi. “Soyuq müharibə”nin başa çatmasından sonra ABŞ-ın Şərq əməliyyatlarında İraq, Əfqanıstan poliqona çevrildi, lakin yenə də Vaşinqton tam qalib tərəf olmadı. Sonuncu dəfə amerikalı hərbçilərin Kabildən qaçışı tarixin örnək hesab olunacaq səhifələrindəndir. Yaxın Şərqi qan gölünə çevirən “ərəb baharı” ilə başlayan müharibələrdə də qalib və məğlub tərəflər müəyyən edilməyib, hələ də bir çox ölkə parçalanmış vəziyyətdədir.

2022-ci ildə alovlanan Rusiya-Ukrayna müharibəsində 3 ildir qalib bəlli deyil və tərəflərin heç biri ciddi nəticə əldə etməyib. Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlarda qarşı tərəf nizamlı ordu olmasa da, İsrail də nəticə əldə edə bilməyib.

Son 80 illik tarixdə yeganə qalib ölkənin Azərbaycan olması tarixin ən böyük hadisələrindəndir. Prezident İlham Əliyev də Ağdərə rayonuna səfəri zamanı bu tarixi məqamlara toxundu. Dövlət başçısı bildirdi ki, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb: “Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”. 

2020-ci il tarixi II Dünya müharibəsindən sonra dünyanın hərb tarixində bir ilk idi. Azərbaycan Ordusu 44 günlük müharibə ilə tam qələbə əldə etdi və son 80 ilin ilk qalibi kimi adını tarixə yazdırdı. Bu, həm də dünyanın hərb tarixinin yenidən yazılması, mövcud streotiplərin dağılması idi, çünki Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatların unikallığı hərbi nəzəriyyələri alt-üst etmişdi.

Birincisi, Azərbaycan torpaqlarını 4-5 ilə işğal edən Ermənistan 30 il müddətində güclü müdafiə xətti yaratmış, cəbhə xəttini mürəkkəb istehkamlar və ağır hərbi texnika doldurmuşdu. Azərbaycan Ordusu isə cəmi 44 gün ərzində bu istehkamları darmadağın edərək, sürətli əks-hücum əməliyyatı ilə torpaqlarımızdakı işğala son qoydu.

İkincisi, tarixdə ilk dəfə dron müharibəsinin əsəri yaradıldı. Düşmənin ağır hərbi texnika və hava hücumundan müdafiə sistemləri dəqiq dron zərbələri ilə sıradan çıxarıldı. Bütün dünya anladı ki, artıq müharibələrin fəlsəfəsi dəyişib. Yeni fəlsəfəni məhz Azərbaycan ordusu yazdı.

Üçüncüsü, əməliyyatların unikallığı hərbi nəzəriyyələri alt-üst etdi. Şuşa və Hadrut əməliyyatı bunun ən bariz nümunələrindəndir. Azərbaycan Ordusu Şuşanı aşağıdan yuxarıya doğru, yüngül və soyuq silahlarla azad etdi. Bu, dünyanın hərb tarixində ilk belə əməliyyat idi. 

Belə nümunələr kifayət qədərdir. Ən böyük nümunələrdən biri də 44 günlük müharibədən 3 il sonra baş tutan 24 saatlıq anti-terror əməliyyatı idi. Bu əməliyyat nəticəsində Qarabağda hələ də qalmış terrorçu dəstələr tərkisilah edildi, separatizm sıradan çıxarıldı və suverenliyimiz bərpa olundu. Azərbaycan Ordusu tarixdə cəmi 24 saat ərzində heç bir mülki şəxsə ziyan vurmadan uğurlu əməliyyat həyata keçirdi.

Bununla mütləq qələbə təmin olundu. Bu, Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusunun tam qələbəsi idi. Burada ən önəmli məqamlardan biri də Ali Baş Komandan İlham Əliyevin bütün bu hərbi əməliyyatlara şəxsən nəzarət etməsi, bütün məsələləri incə detallarına kimi bilməsi, düzgün və strateji qərarlar qəbul etməsidir. Bu müharibə və əldə olunan mütlq qələbənin əsasında güclü dövlət – güclü lider fenomeni dayanır.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top