Arvadını döyən sərxoş kişi cəzalandırıldı

KRİMİNAL 17 mart 2025, 16:14
Kürdəmir rayonunda 1964-cü il təvəllüdlü Əfsən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Xalidəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əfsən spirtli içki içməsinə görə qeyri-rəsmi ailə kimi birgə yaşadığı Xalidənin ona irad tutması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla onun sifət, baş, sağ və sol əl nahiyələrinə qəsdən bir neçə dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsən ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs Xalidə onun qeyri-rəsmi arvadıdır: “Biz 8 ildir ki bir yerdə yaşayırıq, lakin uşağımız olmayıb. Özüm spirtli içkiyə meyilli olduğum üçün Xalidə hər dəfə mənə irad bildirib və son vaxtlar da aramızdakı mübahisələr buna görə olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 8 dekabr 2024-cü ildə evdə yemək yeyərkən araq içib: “Xalidə də mənə iradını bildirdi. Xalidəni iradı mənə acıq gəldi və aramızda mübahisə oldu. Mübahisə zamanı əsəbləşərək əlim ilə onun sifət nahiyəsinə bir neçə dəfə vurdum”. 

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfsən 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top