“Şlyapa Zahid”ə 42 milyonluq krediti Nəcməddin Sadıkovun istəyi ilə veriblər

GÜNDƏM 14 mart 2025, 14:53
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq işçisidir.

O, 42 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq olunub.

Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Məhkəmədə “Bakı” jurnalı və “Ata Bank”da mühasib işləyən Mürsəl Əliyev ifadə verib. Deyib ki, vergi orqanına “Şahin CO” MMC-nin vergi hesabatlarını təqdim edib.

Onun sözlərinə görə, şirkət fəaliyyət göstərmədiyindən boş hesabatlar verib.

Mürsəl Əliyev bildirib ki, Zahid Niftəliyevi “Şahin CO” şirkəti ilə bağlı tanıyıb, onunla 3-4 dəfə görüşləri olub. O, işdə adı keçən Dmitri adlı şəxsi heç vaxt görmədiyini və tanımadığını deyib.

Mürsəl Əliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Mürsəl Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, “Ata Bank”da mühasib işlədiyi dövrdə “AES kapital” MMC-ni təsis edib. Onun ifadəsinə görə, bu MMC-ni “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev və Müşahidə Şurasının sədri Fərid Hüseynovun göstərişi ilə yaradıb. Onun sözlərinə görə, MMC-nin yaradılmasında məqsəd tikinti işləri ilə məşğul olmaq olub.

Mürsəl Əliyev ibtidai istintaqa ifadəsində göstərib ki, “Şahin CO” MMC-yə kreditin ayrılması göstərişini keçmiş vergilər naziri Fazil Məmmədov verib, bunu da Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov xahiş edib. Onun ifadəsinə görə, ilk dəfə 10 milyon, daha sonra 13 milyon 660 min, daha sonra isə 7 milyon kredit ayrılıb.

Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib.

Növbəti şahid “Ata Bank” Müşahidə Şurasının üzvü İltifat Ağayev olub. O, məhkəmədə verdiyi ifadəsində bildirib ki, 1997-ci ildən “Ata Bank”da işləməyə başlayıb, daha sonra bankın Müşahidə Şurasının formal olaraq üzvü olub.

Onun sözlərinə görə, “Şahin CO” MMC-yə kreditin ayrılması barədə müzakirə bankın Müşahidə Şurasında yox, kənarda edilib.

İltifat Ağayev qeyd edib ki, böyük məbləğdə kreditin ayrılması ilə bağlı müzakirələrdə iştirak etməyib. Amma sorğu-sual zamanı məlum olub ki, kreditin ayrılması bankın Müşahidə Şurasında müzakirə edilib, İltifat Ağayev də bununla bağlı protokola imza atıb.

Həmin imzalanmış sənədlər şahidə təqdim edilib. Şahid bildirib ki, müzakirələrdə iştirak etməsə də, sonradan ona göstərilən sənədlərə imza atıb.

Məhkəmədə o da məlum olub ki, bankın Müşahidə Şurasının üzvlərindən yalnız Türkiyə vətəndaşı Əhməd Ərəntokün imzası olmayıb.

Bu zaman İltifat Ağayev deyib ki, həmin sənədə imza atmaq onun nöqsanı olub.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Növbəti proses aprelin 2-də davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top