Politoloq: "Aİ missiyası Ermənistanı təxribatlara daha da ruhlandırır"

GÜNDƏM 11 mart 2025, 18:15
"Aydın məsələdir ki, müşahidə missiyası sülh missiyası deyil. Hər nə qədər məqsədi sülhpərvər olsa da, hər şeydən əvvəl sülh missiyasının mövqeyi neytral olmalıdır. Müşahidə missiyası isə Ermənistan mövqeyindən çıxış edir, Ermənistan maraqlarından Azərbaycana qarşı kəşfiyyat, müşahidə tədbirləri həyata keçirir. Bu da sözsüz ki, Azərbaycanın milli maraqlarına, milli təhlükəsizliyinə bir təhdiddir. Müşahidə missiyasının "binokl" texnikası bu günə qədər sülhü uzatmaqdan və eskalasiya ehtimalını artırmaqdan başqa bir işə yaramayıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. 

"Həmin missiya fəaliyyətini başladığı andan etibarən şərti sərhəddə görürük ki, ara-sıra olsa da, Ermənistan tərəfindən təxribatlar baş verməkdədir. Bu nəyin göstəricisidir? Ermənistanın məhz Avropa İttifaqına, Fransaya arxalanaraq, Azərbaycana qarşı bu kimi təxribatlara əl artmasıdır. 
Missiyanın olması əslində Ermənistanı bu təxribatlara daha da ruhlandırır. Digər tərəfdən, biz ötən dəfə müşahidə missiyasının rəhbərinin açıqlamasını izlədik və orada qeyd edilir ki, müşahidə missiyası həm də şərti sərhədlərdə məktəblərə, xəstəxanalara baş çəkirlər, orada ideoloji kompaniya aparırlar. Bu o deməkdir ki, müşahidə missiyası həm də Ermənistan daxilində Avropa dəyərlərinin və Avropa İttifaqı maraqlarının qorunmasına çalışır, bu yalnız və yalnız bir mənzərəni yaradır ki, müşahidə missiyası əslində Avropa Birliyinin yumşaq və sərt güc mexanizmlərini özündə birləşdirən bir geosiyasi alətdir. Burada söhbət həm də Ermənistanda və Qafqazda Avropa İttifaqı dəyərlərinin maraqlarının təmin olunması, o cümlədən, Rusiyanın Qafqaz regionunda zəiflədilməsi yönündə addımlardan getməkdədir.Reallıq ondan ibarətdir ki, Azərbaycanın sülh prosesinin irəliləməsi üçün şərtləri var. Bunlardan biri də odur ki, üçüncü tərəfin qoşunları sərhəddən çıxarılmalıdır. Aydındır ki, söhbət müşahidə missiyasından gedir. Təzəlikcə Avropa İttifa çoxqı missiyanın mandatını iki il uzatdı. Bu o deməkdir ki, bu maddə ilə bağlı hələ azı iki il də tərəflər arasında razılıq olmayacaq ki, bu da istənilən halda sülh prosesinin uzanmasına gətirib çıxara bilər. O halda ki, Ermənistan bu missiyanın qapadılması barədə fərman versin və yaxud da ki, missiyanın şərti sərhəddən geri çəkilməsinə bağlı Avropa İttifaqından bu barədə tələblər etmiş olsun ki, missiya şərti sərhəddən geri çəkilmiş olsun və İrəvanda yerləşdirilsin. Əks təqdirdə sülh prosesi daha da uzanacaq, təxribatlar baş verməyə davam edəcək. Sözsüz ki, Azərbaycan bu təxribatları lazımınca cavablandıracaq və ortada nə sülh olacaq, nə sabitlik olacaq, Qafqazdakı bu gərginlik daha da artmış olacaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top