"Tramp düşünür ki, yardımı dayandırmaqla Zelenskini sülhə məcbur edə bilər"

DÜNYA 06 mart 2025, 21:59
ABŞ Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib. Ağ Evdən bildirilib ki, yardımın dayandırılmasında məqsəd Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçündür. Bəs bu, Kiyevin müdafiə qabiliyyətinə necə təsir edəcək və sülhə hansı formada töhfə verə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki,Tramp hakimiyyətə gəlməzdən əvvəl bir çoxları, o cümlədən, ABŞ hökumətinin nəyi hədəfləyəcəyini və hansı addımları atacağını proqnozlaşdırırdı:

”Bunu Trampın əvvəlki hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətlərinin Bayden administrasiyasına nisbətən daha yaxşı olması ilə əlaqələndiririk. Ona görə də düşünürəm ki, Tramp hakimiyyətə gəlsə, həmin münasibətləri bərpa edəcək. Çünki Tramp biznesmendir və onun Rusiya ilə münasibətlərdə əsas məqsədi siyasi deyil, daha çox iqtisadi əməkdaşlıqdır.Bundan əlavə, Tramp Rusiya ilə anlaşmaqla onu İran və Çin ittifaqından uzaqlaşdırmağa və beləliklə, bu iki ölkəni zəiflətməyə çalışır. Bu baxımdan, Trampın Rusiyanın maraqlarına uyğun addımlar atması, o cümlədən Ukraynaya hərbi yardımı dayandırması təəccüblü olmamalıdır.Tramp və Zelenskinin görüşündən sonra yardımın dayandırılması təsadüfi görünməyə bilər. Ola bilsin ki, həmin görüş bir bəhanə oldu. Tramp bu görüşdə diqqətçəkən bir fikir səsləndirdi: “Zelenski hələ sülh üçün hazır deyil, o, hazır olanda biz danışıqlara qayıdacağıq.” Bu diplomatik ifadənin mənası təxminən belədir: Ukrayna hələ ki, müqavimət göstərir, onun tam gücdən düşməsi lazımdır ki, məcbur qalıb sülh üçün yalvarsın. Buna görə də Tramp düşünür ki, yardımı dayandırmaqla Zelenskini sülhə məcbur edə bilər. Ola bilsin ki, onun strategiyası Ukrayna liderinin bir müddət sonra ABŞ-dən dəstək istəmək üçün geri dönəcəyinə hesablanıb”.

K.Novruzov onu da qeyd edib ki, bu proses müharibənin bitməsinə səbəb ola bilər:

“Amma necə? Rusiyanın qələbəsi və Ukraynanın daha çox ərazilərini itirməsi ilə. Əgər vəziyyət belə davam etsə və Avropa Ukraynaya kifayət qədər dəstək göstərə bilməsə, ABŞ-dən alınmayan yardımları kompensasiya etməkdə çətinlik çəksə, Ukraynanın durumu daha da ağırlaşacaq.
Bu perspektivdə, Ukraynanın prezidenti Volodimir Zelenskinin istefa verməsi və ya ona qarşı hər hansı sui-qəsd ehtimalı da arta bilər. Zelenski görsə ki, kapitulyasiya qaçılmazdır, çox güman ki, sülh sazişinə imza atmayacaq və istefa verməyi üstün tutacaq. Çünki onun kapitulyasiyaya qol çəkməsi ciddi hadisə olar və xalq bunu bağışlamaz”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top