“Türkiyə bölgənin ən güclü dövlətlərindən biridir və bir çox üstünlüklərə malikdir” — ŞƏRH

GÜNDƏM 06 mart 2025, 20:58
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfirlərlə iftar proqramında çıxışı zamanı Avropanın təhlükəsizliyinin təmin olunması mövzusunda dedikləri diqqət çəkib. O, Türkiyənin Avropanın ayrılmaz hissəsi olaraq Avropa İttifaqına (Aİ) üzvlük müddətini strateji prioritet hesab etdiyini bildirib.Ərdoğan Türkiyəsiz Avropanın qlobal bir aktor kimi varlığını davam etdirməsinin getdikcə qeyri-mümkün olduğunu söyləyib. O bildirib ki, Ankara olmadan Avropanın təhlükəsizliyini təsəvvür etmək mümkün görünmür.

Mövcud şərtlər altında Avropa İttifaqına üzvlük Türkiyəyə nə dərəcədə sərf edir? Ankara ittifaqın hərbi, siyasi, iqtisadi baxımdan gücsüzləşdiyi bir vaxtda üzv qəbul edilərsə, əlavə yük götürmüş olmazmı?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Avropa İttifaqına üzvlük Türkiyəyə nə qədər sərf edirsə, bir o qədər də Avropaya lazımdır:

“Türkiyə bölgənin ən güclü dövlətlərindən biridir və bir çox üstünlüklərə malikdir. Bu baxımdan, Avropa İttifaqına üzvlük Türkiyə üçün də müəyyən üstünlüklər təqdim edir. Hətta Avropa İttifaqı zaman-zaman zəif göstərilsə də, bu qurum beynəlxalq səviyyədə ciddi nüfuza malikdir və dünya siyasətində söz sahibi olan ölkələrin bir araya gəldiyi platformadır. Xüsusilə, iqtisadi baxımdan böyük gücə sahibdir və bu ittifaqa üzvlük Türkiyə üçün siyasi, iqtisadi və digər sahələrdə müsbət təsirlər yarada bilər. Lakin əsas sual budur: Avropa İttifaqı Türkiyəni qəbul etməyə hazırdırmı və bunu həqiqətən istəyirmi? Təcrübə göstərir ki, Avropa çətin vəziyyətlərdə Türkiyəyə müraciət edir, amma problemlər həll olunandan sonra onu yenidən unudur. Mən düşünmürəm ki, Avropa İttifaqı Türkiyəni qəbul etməyə həqiqətən hazırdır. Son hadisələrdə də Türkiyənin vacibliyini vurğulamalarına baxmayaraq, bu, Türkiyəyə qapıların açıldığı anlamına gəlmir”.

M. Göyüşlü onu da qeyd edib ki, Avropa İttifaqının gücsüzləşdiyi fikri  düzgün deyil:

“Bu qurum hələ də güclüdür və Türkiyənin üzvlüyü ona əlavə yük gətirmir. Sadəcə olaraq, Avropa ölkələrinin ikili standartlarla yanaşdığı açıq-aşkar görünür: çətin vəziyyətlərdə Türkiyəyə ehtiyac duyurlar, amma rahat dövrlərdə onu unudurlar. Bu, əlbəttə ki, müsbət hal deyil. Ümumilikdə götürdükdə, mən hesab edirəm ki, Avropa İttifaqı Türkiyəni qəbul edəcəkmi sualına cavab hələ də mənfidir. Onlar Türkiyəni qısqanır, onun bu qurumda yer almasını özləri üçün problem kimi görürlər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top