Orucun psixoloji faydaları da var: İnsan həm iradəsini gücləndirir, həm də...

GÜNDƏM 03 mart 2025, 17:45
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, martın 1-dən etibarən müqəddəs Ramazan ayı başlayıb.Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da milyonlarla insan bu ayı oruc tutaraq qarşılayır. Bəs orucun insan orqanizmi üçün xeyirləri nədir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən  Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, Ramazan ayının gəlməsi ilə insanların oruc tutması əsasən nəfsin qorunması, xüsusilə də nəfsin sınaqdan keçməsi və mənəvi cəhətdən rahatlıq tapması ilə bağlıdır:

“Digər bir məqam isə mövsümə görə orucun saat aralığının 16-18 saat arasında dəyişməsidir. Bu qədər müddət ac qalan orqanizm üçün bu proses bir çox faydalar verir. Oruc həm fiziki, həm də psixoloji baxımdan təsir göstərir. Xüsusilə oruc tutan insanlarda metabolizmanın və maddələr mübadiləsinin sürəti normallaşır. Həzm prosesində problemi olan insanlar əgər orucu düzgün şəkildə tuturlarsa, sahurda lazımi qidaları qəbul edir və iftarda sağlam qidalanırlarsa, metabolizmanın normallaşması baş verir. Bu proses qanda şəkər səviyyəsini tənzimləyir, həzm problemlərini azaldır və orqanizmi artıq çəkidən, artıq yağlardan xilas olmağa kömək edir. Uzun müddət ac qalmaq qara ciyərdə təmizlənmə prosesini sürətləndirir. Ac qaldıqda orqanizmə qidalar və digər vasitələrlə daxil olan toksinlər xaric olunur. Bu da bədənin zərərli maddələrdən, toksinlərdən təmizlənməsinə səbəb olur və immun sisteminin güclənməsinə kömək edir. Düzgün və balanslı qidalanma bağırsaq mikroflorasını normallaşdırır, bu isə birbaşa immun sisteminin möhkəmlənməsinə və qan təzyiqinin tənzimlənməsinə səbəb olur. Bir çox insan yüksək qan təzyiqindən (hipertoniyadan) və ürək-damar xəstəliklərindən əziyyət çəkir. Oruc tutmaq damarların daha yaxşı işləməsinə və damar tıxanıqlığının aradan qalxmasına kömək edir. Həzm sisteminin yaxşılaşması da orucun əsas faydalarından biridir. Oruc zamanı mədə-bağırsaq sistemi dincəlir, həzm prosesi normallaşır və daxili orqanların funksiyası daha sağlam şəkildə fəaliyyət göstərir”.

Mütəxəssis onu da qeyd edib ki, orucun psixoloji faydaları da var:

“İnsan həm iradəsini gücləndirir, həm də səbri və nəfsini idarə etməyi öyrənir. Bu, onun psixoloji və mənəvi rahatlıq hiss etməsinə gətirib çıxarır. Bütün bu faydaları nəzərə alaraq, oruc tutarkən düzgün qidalanmağa və xüsusilə kifayət qədər su qəbul etməyə diqqət etmək lazımdır. Bu, insanın gün ərzində enerjili hiss etməsinə və orucun orqanizmə verdiyi faydaların maksimum səviyyədə əldə edilməsinə kömək edir. Bununla yanaşı, yuxu rejiminə də xüsusi diqqət yetirmək lazımdır. Bir çox insan iftardan sonra səhərə qədər yatmır ki, bu da yuxu rejiminin pozulmasına, immun sistemin zəifləməsinə və qidalanma vərdişlərinin dəyişməsinə səbəb olur. Bəzi insanlarda iştahsızlıq, digərlərində isə həddindən artıq qida qəbul etmə istəyi yaranır. Bütün bunlar yuxu rejiminin pozulması ilə bağlıdır. Digər bir məqam isə odur ki, bəzi insanlar gün ərzində orucun aclıq saatlarını əsasən yataraq keçirirlər. Bu, tamamilə yanlış yanaşmadır. Belə olduqda orqanizm gücdən düşür, daxili orqanların funksiyası pozulur və orucluqdan sonra rejim dəyişdiyi üçün orqanizm stresə məruz qalır. Bu isə xüsusilə xroniki xəstəlikləri olan insanlarda xəstəliyin şiddətlənməsinə və sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Bu səbəbdən oruc tutarkən həm qidalanmaya, həm də düzgün həyat tərzinə riayət etmək vacibdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top