
Ombudsman ipoteka şərtlərinə yenidən baxılmasını təklif edib.
Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə Milli Məclisdə məruzəsində əksini tapıb.
Məruzədə bildirilib ki, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə, real bazar qiymətləri və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla, güzəştli ipoteka kreditinin şərtlərinə yenidən baxılması, kreditin maksimal məbləğinin artırılması, ilkin ödəniş məbləğinin minimuma endirilməsi, kredit müddətinin uzadılması, faiz dərəcəsinin endirilməsi, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin siyahısının genişləndirilməsi məqsədilə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi vacibdir.
Vurğulanır ki, istər Bakı şəhərində, istərsə də rayon mərkəzlərində, habelə bəzi qəsəbələrdə yerləşən ötən əsrin əvvəllərində və ortalarında tikilərək istifadəyə verilmiş bir sıra yaşayış binalarında uzun illər təmir-bərpa işləri aparılmayıb, istismar müddətini keçməsi səbəbindən həmin binalar istismara yararsız, bəzi hallarda isə qəzalı vəziyyətə düşüb. Bu baxımdan, həmin mənzillərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşması üçün onların yeni mənzillərə köçürülməsi ilə bağlı pilot layihələrin davam etdirilməsi məqsədəmüvafiqdir.
Qeyd edək ki, ipoteka kreditləri vasitəsilə mənzil almaq istəyən vətəndaşlar üçün əsas maneələr ilkin ödənişin yüksək olması, faizlərin yüksək olması, mənzil qiymətlərinin artması və kredit şərtlərinin sərt olması ilə bağlıdır. Ekspertlərə görə, dövlət tərəfindən ipoteka fonduna daha çox maliyyə ayrılması, faizlərin aşağı salınması və mənzil bazarına nəzarətin gücləndirilməsi bu problemlərin həllinə kömək edə bilər.
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:
“Maraqlı təklif veriblər. Onsuz da güzəştli ipoteka krediti 4 faizdir, adi kommersiya krediti isə 8 faizdir. Güzəştli ipoteka ilə bağlı elan verilən kimi bir ev belə qalmır, adamlar heç çatdırıb qeydiyyatdan keçə bilmirlər. Bu proses sanki MİDA kreditinə çevrilib. Güzəştli ipotekadan şəhid övladları, Milli Qəhrəman övladları, məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, ən azı 3 il dövlət qulluğunda çalışmış şəxslər, 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləmiş şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olanlar, idman sahəsində yer tutmuş şəxslər, ən azı 5 il jurnalist kimi fəaliyyət göstərən və Media Reyestrinə daxil edilmiş şəxslər yararlana bilər. Bu, gənc ailələrə (35 yaşa qədər) şamil olunur. 35 yaşdan yuxarı olanlar üçün isə ayrıca kateqoriya müəyyənləşdirilib.
Göründüyü kimi, bu imkanlardan yararlana bilənlərin əhatə dairəsi kifayət qədər genişdir. Amma əsas problem odur ki, bu evlərə yaxın düşmək olmur – elan verildikdən 10 dəqiqə sonra hamısı satılmış olur. Hətta İpoteka Fondunun elan etdiyi 8 faizlik kredit belə tez bir zamanda yoxa çıxır.
Demək istədiyim odur ki, Ombudsmanın yaxşı xəyalları ola bilər. Tutaq ki, güzəştli ipoteka imkanlarından yararlana bilən şəxslərin siyahısını daha da genişləndirdik. Bəs bu, nəyi dəyişəcək? Dövlət bu məqsəd üçün daha çox vəsait ayırmalıdır. Amma hökumətin buna imkanları çatmır. Düzdür, İpoteka və Zəmanət Fondu ötən il kapitalını 100 milyon manat artırdı. Sosial güzəştli ipotekanı dövlət birbaşa büdcədən maliyyələşdirir, çünki bank sektorunda bu qədər böyük həcmdə vəsait yoxdur.
Ombudsman da, biz də arzulaya bilərik ki, sovet dövründə olduğu kimi hamımız keyfiyyətli səhiyyə və təhsil xidmətlərindən yararlanaq. Amma dövlətin imkanları məhduddur. Mövcud çərçivədə artıq ipoteka kreditlərindən yararlana bilənlərin siyahısı genişdir və onların tələbatı belə ödənilmir. Bu siyahıya əlavə etmək real görünmür”.
İqtisadçı qeyd edib ki, ipoteka kreditləri verildikcə mənzil qiymətləri də artır:
“Biz düşünməməliyik ki, hökumət nə qədər çox ipoteka krediti versə, bir o qədər çox insan mənzil sahibi olacaq. Əksinə, bazarda ipoteka krediti nə qədər çox olarsa, qiymətlər də bir o qədər yüksələcək. Dövlət bunu da nəzərə alır və bazarı taraz saxlamaq üçün ehtiyatlı davranır”.