Ət bahalaşmağa davam edəcək, yoxsa?

SOSİAL 07 sentyabr 2025, 15:49
Son günlər bazarlarda ətin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır. Xüsusilə dana ətinin qiymətində ciddi artım müşahidə olunur ki, bu da istehlakçılar arasında narazılıq yaradıb.

İqtisadçılar bildirirlər ki, bu vəziyyət təkcə bazar qanunları ilə bağlı deyil. Belə ki, ölkədə iribuynuzlu mal-qaranın, eləcə də keçi və qoyunların sayı son illərdə kəskin azalıb, hətta bəzi bölgələrdə minimum səviyyəyə enib.

Bəs ətin bahalaşmasının əsl səbəbi nədir? Ət bahalaşmağa davam edəcək, yoxsa?

Demokrat.az Musavat.com-a istinadən bildirir ki, iqtisadçı Natiq Cəfərli ətin qiymətinin bahalaşma səbəblərini bu cür açıqlayıb:

"İqtisadiyyatın "qızıl" qanunlarından biri odur ki, təklif azalanda, tələb isə yerində qalsa və ya artsa, mütləq qiymətlər yüksəlir.

Son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunların sayı hər il azalaraq ən aşağı həddə düşüb. Rəsmi məlumata görə, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş təşkil edib. 2020-ci il yanvarın 1-nə isə ölkədə mal-qara sayı 2 milyon 646,6 min baş olub. Yəni son 5 ildə iribuynuzlu mal-qaranın sayı 181 min baş azalıb.

2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş təşkil edib, 2020-ci il yanvarın 1-nə isə onların sayı 8 milyon 189,2 min baş olub. Yəni son 5 ildə qoyun-keçi sayı 1 mln. 297 min 700 baş azalıb.

Rəsmi rəqəmlər deyir ki, ölkədə iribuynuzlu mal-qara, qoyun-keçi sayı sürətlə azalır, təbii ki, qiymətlər də eyni sürətlə artır".

İqtisadçı qeyd edib ki, mal-qara, qoyun-keçi sayının azalmasının səbəblərindən biri ölkədə yem bazasının daralması ilə bağlıdır:

"2015-ci ilə qədər ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qara sayı demək olar ki, hər il cüzi də olsa artırdı, 2015-ci ildə ölkədə 2 milyon 713 minə yaxın iribuynuzlu mal, qoyun və keçilərin 8 milyon 661 minə yaxın qoyun və keçiləri var idi. Yəni son 10 ili götürsək, iribuynuzluların sayı 250 minə yaxın, xırdabuynuzluların sayı isə 1 mln. 770 minə yaxın azalıb. Səbəb isə örüş yerləri, yem bazasını təşkil edən torpaqların pambıq əkininə ayrılmasıdır. Nəticədə yem bahalaşdı, örüş yerləri azaldı, bu da mal-qara, qoyun-keçi sayına kəskin təsir etdi.

Bundan başqa, təşviq siyasəti bərbaddır - fermerlərə, mal-qara saxlayan insanlara doğru-düzgün yardımlar edilmir, normal işləmək üçün şərait yaradılmır, ona görə də onlar Bakıya axışır, tikintidə işləməyə gəlirlər.

Daha bir məsələ odur ki, ölkədə hər şeyin qiyməti qalxırsa, inflyasiya yüksəkdirsə, ət satan, mal-qara saxlayan niyə qiyməti artırmasın? Yəni inflyasiyaya görə onlar da qiyməti artırmağa çalışırlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2025, 14:23
Top