“Yuxuda ona xəyanət etdiyimi gördüyünü bildirdi, məni təhqir etdi...” — Ər-arvad arasında cinayət

KRİMİNAL 28 fevral 2025, 19:30
Bakının Xəzər rayonunda 1958-ci il təvəllüdlü Zahid qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuridəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Zahid yaşadığı evdə arvadı Nuridə ilə ailə məişət zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı o, Nuridənin qəsdən sifətin sağ tərəfinə və sağ qoluna yumruq zərbələri vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Zahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Nuridə ona xəyanət etdiyinə  görə aralarında mübahisələr olub, arvadı ona xəyanət etdiyini etiraf edib: “Sonuncu hadisə Nuridə atasıgildən gələndə nikah haqqında şəhadətnaməni  istədim. Bir ildir ki, şəhadətnaməni atasıgilə aparmışdı, mənə vermirdilər ki, boşanma ilə bağlı iddia irəli sürüm. Şəhadətnamə barədə soruşanda mənə ağır sözlər dedi. Evdən çölə çıxmaq istədim. Bu zaman əlindən tutdum. Lakin Nuridəni vurmamışam. Yumruqla vurmam şər-böhtandır. Lakin məcbur olaraq etiraf edirəm ki, zərərçəkmiş şəxsi vurmuşam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı spirtli içki qəbul etməyib: “Belə hər axşam içki içirəm. Spirtli içkini bir gün əvvəl qəbul etmişdim. Hadisə zamanı arvadımı yalnız qolundan tutaraq evin içərisinə çəkmişəm, amma  vurmamışam. Hadisə zamanı evdə oğlum olub. Arvadımı qolundan tutub içəri çəkdiyim zaman ola bilsin ki, xəsarət alıb Hadisə zamanı oğlum gələrək məni arxadan vuraraq geri çəkdim”. 

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. Həmin ifadədən məlum olub ki, Nuridə ona xəyanət etdiyinə görə mütəmadi olaraq ailəsində münaqişələr yaranıb: “Buna görə bir müddət Nuridə oğlum Emillə birlikdə Mehdiabad qəsəbəsində yaşayan ata evinə getdi, orada yaşamağa başladı. Sonradan evə gələrək birlikdə yaşamağa davam etdi. Hadisədən əvvəlki gün, saat 21:30-da yaşadığım evdə spirtli içki qəbul etdim. Nuridə ilə aramızda ailə məişət zəminində mübahisə oldu. Oğlum bu barədə polisə müraciət etdi. Sərxoş olduğuma görə 2-ci Polis Şöbəsinə aparıldım. Hadisı günü evdə olan zaman saat 11:00-da yaşadığım evdə mətbəxdə olan zaman arvadım Nuridə yenidən mənimlə ailə məişət zəminində mübahisə edərək atama qarşı söyüş söydüyünə görə əsəbləşərək onun sifətinin sağ tərəfinə bir yumruq zərbəsi vurdum. Nuridəni özümdən kənara itələmək üçün sağ qolumu əlim ilə sıxaraq özümdən kənara itələdim. Bunu görən Nuridə yenidən polisə zəng edərək mənim barəmdə şikayət ərizəsi  yazdı. Nuridə ilə bir evdə yaşaya bilmədiyimə görə ondan boşanacağımı, mənə xəyanət etdiyini bildirdim”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nuridənin sözlərinə görə, Zahid hər gün spirtli içki içir və onu xəyanət etməsi ilə günahlandırır: “Hadisə günü atamgildən evə gəlmişəm. Zahid spirtli içki qəbul edərək evə gəldikdən sonra məni xəyanətdə günahlandırdığından mübahisə yaratmağa başladı. Ona görə məcbur olaraq polisə məlumat verdik. Polis əməkdaşları gələrək onu apardılar. Sonrakı gün Zahid əlində bir butulka araqla evə gəldi. Arağı içdikdən sonra mənimlə mübahisə etməyə, “namuslu qadının əri barəsində polisə şikayət etməz” dedi. Ərim yuxuda ona xəyanət etdiyimi gördüyünü bildirdi, məni təhqir etməyə başladı. Bir müddətdən sonra isə qapının yanında başımdan bir dəfə yumruqla vurdu. Bu zaman oğlum Zahidin məni döydüyünü görərək ora gəldi. Bundan sonra Zahidi çölə çıxardı və polisə məlumat verdi”. 

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zahid 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək  və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,  cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top