Tramp Finlandiya və İsveçin NATO-dan çıxarılmasını tələb edə bilərmi?

DÜNYA 28 fevral 2025, 18:43
Beynəlxalq Münasibətlər İnstitutunun analitiki Jussi Lassila, ABŞ Prezidenti Donald Trampın Moskva ilə münasibətləri yaxşılaşdırmaq məqsədilə Finlandiya və İsveçin NATO-dan çıxarılmasını tələb edə biləcəyini bildirib. Lassila, Rusiya ilə əldə ediləcək razılaşmalar çərçivəsində, NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasının tələb oluna biləcəyini və bunun Finlandiya və İsveçin alyansdan çıxarılmasını nəzərdə tutduğunu vurğulayıb.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Qədir Aslan bildirib ki, danışıqlar masasına gəlməmişdən əvvəl elan olunan strateji hədəflər var:

“Bu hədəflər media vasitəsilə açıqlanmışdı. 1997-ci il mövzusu da media tərəfindən gündəmə gətirilib. Amma Putinin öz dilindən çıxan və rəsmi Kremlin açıqlamalarında əsas mövzu Ukraynanın NATO-ya üzv olmamasıdır. NATO-nun 1997-ci il sərhədləri isə media materialıdır, yəni media tərəfindən irəli sürülən mövzudur. Rəsmi Rusiyanın mövqeyi isə Ukraynanın neytrallığıdır. Ona görə də belə bir ehtimalın Rusiya tərəfindən irəli sürüldüyünü demək çətindir. Bildiyiniz kimi, hər iki dövlət üzv olarkən Rusiya bu məsələdə heç bir etirazını bildirmədi. Rusiya üçün əsas məsələ Ukraynanın neytrallığıdır, yəni rəsmi açıqlamalara əsasən, onların əsas tələbi budur. Bu baxımdan, hazırda Ukraynanın neytrallığı ilə bağlı Rusiyanın mövqeyində təhrif olunmalar var. Son üç il ərzində Ukrayna ordusu NATO standartlarına uyğun təlim keçib. Ukraynanın ərazisində NATO dövlətlərinə məxsus zavod və fabriklərin şöbələri açılıb, istehsal zənciri formalaşıb. Ukraynanın sovet dövründən qalan hərbi-sənaye kompleksi yenidən işə düşüb, modernləşdirilib və modernləşdirilməyə davam edir”.

Politoloq onu da qeyd edib ki, Ukrayna hazırda əsasən Qərb və NATO silahları ilə müharibə aparır:

“Hətta Rusiyanın özünün suveren ərazilərində də NATO silahları istifadə olunur. Məsələn, Kursk istiqamətində NATO silahlarından istifadə edildiyi məlumdur. Bu şəraitdə Rusiyanın öz mövqeyini təhrif etməyə məcbur qaldığını müşahidə edirik. Vladimir Putinin açıqlamaları da dəyişib- tezlik, ton və məzmun baxımından fərqliliklər yaranıb. Strateji hədəflər təbii ki, kənarda qaldı. Rusiya Prezidenti Vladimir Putin, Volodimir Zelenskinin seçki keçirə bilməyəcəyini açıq şəkildə bəyan etdi. Bundan əlavə, bu dəfə NATO-nun başında duran dövlətin iqtisadi potensialını öz ölkəsində görmək istədiyini vurğuladı. Yəni söhbət təbii sərvətlərin yenidən bölüşdürülməsindən gedir. Rusiyanın mövqeyində dəyişikliklər var və bunu hiss edirik. Müəyyən yumşalmalar müşahidə olunur. Bu da əsasən Donald Trampın son bir ay ərzində davamlı və aqressiv şəkildə apardığı informasiya savaşının nəticəsidir. Yəni hər şey plan üzrə davam edir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top