Tramp və Putin Zelenskini devirir? — AÇIQLAMA

SİYASƏT 26 fevral 2025, 11:00
Ukrayna Prezidenti Volodimir Zelenski sülhün təmin olunması qarşılığında istefa verməyə hazır olduğunu bəyan edib.

Məsələ ilə bağlı politoloq Əli Zülfiqaroğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin də öz açıqlamasında Zelenskini legitim dövlət başçısı kimi tanımadığını bildirib:

“Trampın da Zelenskiyə qarşı münasibəti mənfidir və hər iki lider çalışır ki, Zelenskini hakimiyyətdən devirsin. Buna görə də konkret olaraq Zelenskiyə qarşı ciddi təzyiqlər var. Zelenski bu açıqlamanı Avropa İttifaqının müxtəlif liderləri ilə görüşdən sonra verdi. Böyük ehtimalla Avropa İttifaqı liderləri də ona bu istiqamətdə təkliflər verib. Bu da onu deməyə əsas verir ki, Zelenskinin siyasi taleyi ümumiyyətlə sual altındadır.

Ukrayna-Rusiya savaşının bitməsi ilə bağlı aydın mənzərə ondan ibarətdir ki, ABŞ-nin yeni administrasiyası Zelenskinin hökumətini Ukraynanı təslimçi sülhə, kapitulyasiyaya məcbur etməyə çalışır. Bu da əlbəttə ki, Ukraynanın gələcəkdə dövlət kimi mövcudluğu üçün ciddi problemlər yaradır.
Ona görə də Zelenski çalışır ki, müəyyən dirəniş göstərsin və Avropa İttifaqı, Türkiyə və digər ölkələrin dəstəyini almaqla bu təzyiqlərə qarşı siyasi mövqe ortaya qoysun. Amma görünən odur ki, bunların heç biri hələ ki, qəbul olunmur. Xüsusilə, Zelenskinin hakimiyyəti dövründə Ukrayna ilə Rusiya arasında sülh perspektivi kifayət qədər azdır”.

Politoloq onu da qeyd edib ki,  Trampın verdiyi mesaj Zelenskinin hakimiyyətdən əl çəkməsi üçün təzyiqlərin artacağını göstərir:

“Rusiya da bu istiqamətdə fəaliyyət göstərə bilər və Birləşmiş Ştatlarla birlikdə bu istiqamətdə səylərini artırmaq ehtimalına malikdir. 

Ona görə də düşünürəm ki, Zelenskinin bundan sonrakı hakimiyyəti və hansı istiqamətdə qərar verəcəyi önəmli məsələdir. Əgər növbəti hakimiyyət kapitulyasiya şərtlərini qəbul edəcəksə, o zaman Zelenskinin hakimiyyətdən getməsi həm ABŞ-nin, həm də Rusiyanın maraqlarını təmin edə bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 14:54
Top