"Zelenskinin qətiyyəti qarşısında daha məqbul şərtlər irəli sürməyə məcbur ola bilərlər" — ŞƏRH

DÜNYA 24 fevral 2025, 15:20
"Zelenskinin hazırkı addımları onu deməyə əsas verir ki, o, Trampın diqtə etdiyi şərtlərlə razılaşmır və qərarlıdır. Ancaq bu siyasətdir. Elə bir nüans yarana, problem yaradıla bilər ki, Zelenski bu şərtlərlə razılaşmaq məcburiyyətində qalsın. Zelenski hakimiyyətinin təhdid edilməsinə baxmayaraq, şəxsi maraqlarından deyil, dövlət maraqlarından çıxış etməyə davam edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib. 

"Şərtləri olduğu kimi qəbul etmək Ukraynanın dövlət olaraq suverenliyini itirməsi deməkdir. Çünki Ukrayna tərəfi öz təbii zənginliklərini bir növ Amerika tərəfinə təhvil vermiş ola bilər. Ərazinin işğal edilməsi və təbii sərvətlərim mənimsənilməsi arasında ciddi fərq yoxdur. Ona görə də Zelenski hakimiyyəti bu şərtə qarşı hələki dirəniş göstərməyə, daha məqbul şərtlər əsasında müqavilə imzalamağa çalışırlar. Tramp adminstrasiyası şərtləri yumşaldıb, Ukraynanın dövlət maraqlarını da nəzərə alarsa, razılaşma əldə olunmasından söhbət gedə bilər. İndiki şərtlərdə müqavilənin bağlanması isə iki şərtlə mümkün olacaq. Ukrayna üçün ciddi problemlər yaradılacaq, silahların verilməməsi və müdafiə əzminin qırılması, ya da Zelenskini hakimiyyətdən uzaqlaşdırıb ABŞ-nin təyin etdiyi bir prezident gətiriləcək. İkinci hal çox da real görünmür. Münaqişə zamanı yeni prezident seçmək əvəzinə mövcud rəhbərliklə ortaq nöqtəyə gəlmək daha məqbuldur. Düşünürəm ki, ABŞ hazırda Ukraynanı şantaj etməklə məşğuldur. Zelenskinin qətiyyəti qarşısında daha məqbul şərtlər irəli sürməyə məcbur ola bilərlər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top