Vüqar Rəhimzadə: Vətənini sevən hər kəs ana dilini sevməli və onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir

SİYASƏT 21 fevral 2025, 15:36
21 fevral  dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Hər bir xalqın  maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən onun dilidir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsünü irəli sürdü.  Ümummilli Liderin bu təşəbbüsü 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı.  Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki,  xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil. Ümumilikdə azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, təbliği dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin əsas tərkib hissəsi idi. Dilimizin, milli-mənəvi dəyərlərimizin, tariximizin öyrənilməsi, inkişaf etdirilməsi hər bir azərbaycanlının qarşısında mühüm vəzifə kimi qoyulmuşdu. Məhz atılan bu kimi addımların, Azərbaycanın bu günü və gələcəyi üçün görülən işlərin fonunda böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Onun “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı bütün dövrlərdə aktuallığını qorumaqla yanaşı, hər birimizin həyat amalına çevrilib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, hər bir xalqın, millətin təqdimatında onun dili əhəmiyyətli rol oynayır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Azərbaycan dili bu tarixi hadisəni yaşadı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqinə, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsinə, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında ön mövqelərə çıxmasına xüsusi diqqət göstərdi. Azərbaycan  xalqı həmişə  tarixinə sahib çıxan, milli-mənəvi dəyərlərini, dilini qoruyan və inkişaf etdirən xalq kimi tanınır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan dilinin qorunması və saflaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir. Belə ki, Azərbaycan  müstəqilliyini bərpa etdikdən, Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra  Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başladı, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yarandı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Azərbaycan dilinin inkişafı, tətbiqi sahəsində atılan addımlar davamlılığı ilə diqqətdədir. Ulu Öndər  2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənədlər özündə mühüm çağırışları ehtiva edir. Bu baxımdan ki, Ümummilli Lider daim bildirirdi ki, digər dilləri də öyrənmək lazımdır, amma əvvəl öz ana dilimizi öyrənək, onu yad təsirlərdən qoruyaq.

Millət vəkili son 21 ildən artıq müddətdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması istiqamətində atdığı addımlara da diqqəti yönəldib. Bildirib ki, dövlət başçısı  İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, həmçinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi də bunun bariz nümunəsidir. Dövlət Proqramının icrasında məqsəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması idi. Dövlət başçısı İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da atılan addımların davamlılğını, dilimizin qorunmasının prioritetliyini təsdiqləyir.

Vüqar Rəhimzadə bu günədək atılan addımlara qısa baxış əsasında belə bir ümumiləşdirməni aparıb ki,  bu gün cəmiyyət həyatının bütün sahələrində Azərbaycan dilinin geniş işlədilməsi imkanları mövcuddur. Prezident İlham Əliyev çıxışlarında Azərbaycan gənclərinə bu çağırışı edir ki, dilimizi, milli-mənəvi dəyərlərimizi, tariximizi öyrənməli və onları inkişaf etdirməliyik. Gənclərin milli ruhda böyüməsi, tərbiyə  olunması əsas çağırışlardandır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz gənclərimizin Vətən, torpaq sevgisini nümayiş etdirdi. Vətənini sevən hər kəs ana dilini də sevməli, onun varlığının qorunmasına, inkişaf etdirilməsinə öz töhfəsini verməlidir. Dilimizi sevək ki, sevdirə bilək!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top