"Azərbaycanda qadınlar elmdə nəzərəçarpacaq uğurlar əldə ediblər"

SOSİAL 11 fevral 2025, 23:18
“Azərbaycanda tarixən təhsilə və akademik fəaliyyətə geniş çıxışı olan qadınlar və qızlar elmdə, o cümlədən rəhbər vəzifələrdə nəzərəçarpacaq uğurlar əldə ediblər”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə dünya təşkilatının mənzil-qərargahında təşkil olunan tədbirdə deyib.

Diplomat Azərbaycan hökumətinin ali təhsil və elmi tədqiqatlarda gender bərabərliyini təşviq etmək üçün özəl proqramların tətbiqi və nazirliklərarası əməkdaşlığın gücləndirilməsi yolu ilə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) üzrə qadınların və qızların iştirakını artırmaq üçün səylərini davam etdirdiyini bildirib.

“STEM sahələrində işləmək istəyənlər qadınlar üçün maliyyə maneələrini azaltmağa yönəlmiş təqaüdlər vasitəsilə getdikcə daha çox dəstək alırlar. Gender bərabərliyinin qorunması üçün təhsil müəssisələri və QHT-lərlə sıx əməkdaşlıq şəraitində seminarlar və mentorluq proqramları həyata keçirilir, qızlara akademik yolu boyunca istiqamət və dəstək verilir”.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlıqlar, o cümlədən qadınlar və qızlar üçün texniki bacarıqların inkişafına yönəlmiş proqramlar da bu sahədə əsas rol oynayır:

“Biz gənc qadınların və qızların elm sahəsində fəaliyyətini genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirmişik. Azərbaycanın xoşbəxtliyi ondan ibarətdir ki, elmi tədqiqatlarda qadınların rolunun yüksəldilməsinə mühüm töhfələr vermiş çox sayda görkəmli qadın alimləri var”.

Qeyd edək ki, Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə nüfuzunu ilbəil artırır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası” (RASIT) qeyri-hökumət təşkilatı tərəfindən 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib. Bu müddət ərzində ölkəmizdə qadın və qızların elmi-tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 23:55
Top