Azərbaycanda rusdilli bölmələr ləğv olunur? — AÇIQLAMA

SOSİAL 11 fevral 2025, 17:39
Azərbaycan məktəblərində rusdilli bölmələrin bağlanması mövzusu yenidən gündəmdədir. Son təyyarə qəzası olayı bu mövzunu yenidən aktuallaşdırdı. Sosial şəbəkələrdə  rusdilli bölmələrin yığışdırılması məsələsi təkrar müzakirəyə çevrilib.

Çoxları “Rus bölmələri nəyə lazımdır? “Bizi sevməyən ölkənin dili niyə Azərbaycanda tədris olunsun?", “Hamı öz dilində oxumalıdır” kimi fikirlər səsləndirir. Rusdilli bölmələr ləğv olunmalıdırmı?

Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan məktəblərində rusdilli bölmələrin bağlanması ilə bağlı zaman-zaman fərqli münasibətlər olub:

“Əslində, bu, rusdilli bölməsi üzrə tədrisin aparılmasına münasibətdə əleyhinə olan təhsil adamlarının, ziyalıların deməyində də böyük həqiqət var. Çünki Azərbaycan dövləti müstəqil dövlətdir. Dövlət məktəblərində  tədris dili Azərbaycan dilində olmalıdır, dövlətin dilində olmalıdır. Azərbaycanda dövlət dili təbii ki, Azərbaycan dilidirsə və Azərbaycanda dövlət məktəbləri, yəni dövlət büdcəsi hesabına maliyyələşən məktəblərdə tədris Azərbaycan dilində olmalıdır. Əslində, biz hansısa bir dövlətdə digər bir dövlətin dilində olan məktəbin dövlət büdcəsi hesabına maliyyələşməsinin şahidi olmamışıq. Ayrı-ayrı özəl məktəblər ola bilər. 

Məsələn, ingilis dili, rus dili, türk dili və s. məktəblər ola bilər. Amma dövlət büdcəsi hesabına maliyyələşən, məktəblərdə dövlət dilində tədrisdən olması təbii ki, lazımdır. Amma Azərbaycanla Rusiya arasında ənənəvi dostluq münasibətləri, stratejik tərəfdaşlıq münasibətləri olub, qonşuluq münasibətləri olub. Azərbaycan hər zaman qonşuluğa, dostluğa və bütün birlikdə münasibətlərdə həm dövlət olaraq, həm xalq olaraq çox sadiqdir. Bu, həm də o sadiqlikdən gələn münasibət olubdur. 

Nəzərə alsaq ki, bizim Rusiya Federasiyasında xeyli sayda soydaşımız yaşayır, Rusiya Azərbaycanla  qonşu dövlətdir.  Bu gün hansısa və xüsusilə bu məlum təyyarə qəzasından sonra, xüsusilə biz Rusiya dövlətinin Azərbaycana avanturist bir münasibəti gördük. Təbii ki, bundan sonra bu kimi məsələlərlə bağlı ümumillikdə cəmiyyətdə bir reaksiya oldu”.

Ekspert onu da qeyd edib ki, son dövrlərdə, xüsusilə, rusdilli məktəblərin rusidilli məktəb olmasına  ictimai bir qınaq da meydana gəldi:

“Amma xeyli sayda da bizim ölkəmizdə rusdilli məktəblərdə təhsilalan bizim insanlar var ki, onlar Azərbaycan dilini yaxşı bilmirlər. Əslində ən çox problemi burada görürəm. Çünki Azərbaycan dilinin, rusdilli  bölmələrin tədrisində mütləq şəkildə ciddi önəm verilməlidir. Bununla bağlı Elm və Təhsil Naziri də ötən gün bir brifinqdə ifadə etdi ki, Azərbaycan dilinin və ədəbiyyatının tədrisində artıq saatlar artırılıb, mütləq şəkildə bu belə olmalıdır. 

Eyni zamanda rus bölməsini bitirən məzunlar, həm də yekunda onlar Azərbaycan dili və ədəbiyyatdan  imtahan verirlər. Hesab edirəm ki, bu proses də xeyli ciddiləşdirilməlidir ki, rus bölməsində uşağı təhsilalan valideyn başa düşsün ki, uşağım Azərbaycan dilini, bu dövlətin dilini bilmirsə, təbii ki, o yekunda attestat ala bilməz”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top