“Trampın verdiyi vəd müharibənin dayandırılmasını tələb edən qüvvələri sakitləşdirmək məqsədi daşıyır”

DÜNYA 05 fevral 2025, 15:50
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində mühüm irəliləyişin əldə olunduğunu açıqlayıb. O, Ukrayna ilə silah tədarükü müqabilində nadir torpaq metalları və digər resursların alınması ilə bağlı müqavilə bağlamaqda maraqlı olduğunu bildirib. Tramp deyib ki, Ukraynanın “çox qiymətli nadir torpaq metalları” var və ABŞ onun investisiyalarına müəyyən dərəcədə “zəmanət” verilməsini istəyir.

Maraqlıdır, Ağ Ev sahibinin bəhs etdiyi “əhəmiyyətli irəliləyiş” konkret nədən ibarət ola bilər? Bu irəliləyiş Ukrayna və Rusiya arasında mümkün sülh razılaşmasına yol aça bilərmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Tramp administrasiyası vəzifəyə başlamamışdan komandası ilə Kreml  arasında  Ukrayna məsələsi ilə bağlı danışıqlar gedirdi:

“Eyni zamanda Donald Tramp Rusiyadan Çinə qarşı istifadə etmək niyyətində idi. Məlum oldu ki, Tramp yanvarın 20-də and içdikdən, vəzifə səlahiyyətlərinə başladıqdan dərhal sonra Çinə qarşı yeni şəkildə iqtisadi savaşa başladı. Və bu savaşda Rusiyanın da iştirak etməsini arzulayırdı. Çünki ağır sanksiyalar səbəbindən Çin mallarının əsas idxalçısı məhz Rusiyadır.  Buna görə də Rusiyanın da bu siyasətə cəlb etmək məsələsini açıq idi. Yəni, bunun üçün də Ukraynadakı müharibə bitməli idi”.

Politoloq onu da vurğulayıb ki, Ukraynadakı müharibənin bitməsi istiqamətində ABŞ Kiyevə ciddi şəkildə təzyiqlər etməyə başlayıb:

“Nəticə etibarilə də artıq Kiyevi danışıqlara razı salmaq siyasətini həyata keçirib. Ukraynanın iqtisadiyyatında dirçəldilməsi istiqamətində ABŞ təbii ki, addımlar atacaq və müharibə başa çatdıqdan sonra artıq ABŞ-nın biz Ukraynaya müəyyən ölçüdə investisiyalar yatırmasının şahidi olacağıq. Ancaq, bunlar tamamilə ABŞ tərəfindən fərqli formada izah edilir, çatdırılır. Yəni, əhəmiyyətli  irəliləyiş dedikdə  hər hansısa bir irəliləyiş görülmür. Demək olar ki, müharibə öz gücü davam edir. İki ölkənin arasındakı münasibətlərdə heç bir istiləşmənin şahidi olmuruq. Moskva və Kiyevin sülh danışıqlarında hazır olduğu arasında fikirlər eşitmişik. Bu fikirləri əvvəllər də səsləndirilib, ancaq bu danışıqlar baş tutmur. Danışıqların baş tutmamasında da tərəflərin hamısı qarşı tərəfi günahkar görür. Yəni, bütün bunların müqabilində Tramp komandasının əhəmiyyətli  irəliləyiş dedikdə  nəyi nəzərdə tutduğu təbii ki, qaranlıqdır. Görünür ki, ABŞ  prezidentinin verdiyi vəd müharibənin dayandırılmasını tələb edən  qüvvələri sakitləşdirmək məqsədi daşıyıb. Məncə, bu daxili auditoriyaya qarşı oynanılmış bir oyundur".

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top