Ekspert: “Kənd yerlərində insanlarda partlayıcı qurğuların olması ehtimalı var”

GÜNDƏM 01 fevral 2025, 19:12
“Müharibədən sonra ola bilsin ki, kimdəsə silah-sursat qalmış olsun. Hətta qumbara və.s tipli sursatlar birinci Qarabağ müharibəsindən belə qalmış ola bilər. Bütün bunlar təhlükə yaradır. Çünki bu gün maarifləndirmə işi güclü aparılmır. Baxmayaraq ki, təkcə Ağdam ərazisində bu gün 100.000-dən çox mina var, insanlar həmin əraziyə girirlər. Məsələn, vətəndaşlar bildiyi halda hansısa qəbristanlıq minadan təmizlənməyib yenə də ora gedirlər. Nəticədə ciddi hadisə baş verir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov deyib.

“İlk növbədə məktəblərdə uşaqlara təlimlər keçirilməlidir. Ərazidəki icra hakimiyyəti strukturlarında proqram olmalıdır. Proqrama əsasən maarifləndirmə işləri aparılmalıdır. Ağcabədidə qumbara partladan kişi ehtimal olunur ki, hərbidə olmayıb və ya tamamilə məlumatsız olub. Ancaq qumbara üçün o dərhal mütəxəssislərə müraciət etməli idi”. 

O bildirib ki, qumbaranın haradan əldə olunduğunu araşdırdıqdan sonra təhlükəsizlik qaydaları  haqqında təlimatlar hazırlanmalıdır:

İcra hakimiyyəti orqanlarında ayda 2 dəfə ən az 1 saatlıq təlimlər keçilməlidir.

Biz müharibədən çıxmış dövlətik. Sərhədlərimiz delimitasiya-demarkasiya olunmayıb. Qarabağ ərazisi və ətraf rayonlarda ehtimal olunur ki, bu cür silahlar var. Mən hərbi polis rəisi olduğum dövrdə çoxlu sayda silahlar tapırdıq. Hətta Mingəçevirdən, Sumqayıtdan, Bakıdan belə partlayıcı maddələr tapılırdı. Ağcabədi rayonu isə döyüş bölgəsinə yaxın ərazidir. Orada insanlarda bu cür partlayıcı qurğuların, silahların olması ehtimalı var”.

 Ekspert qeyd edib ki, xüsusi xidmət orqanlarımız bu haqda işlər aparmalıdır:

“Ərazidə yerləşən hərbi hisslərdən mütəxəssislər, zabitlər cəlb olunmalıdır. Onlar kənd-kənd, rayon-rayon gəzib maarifləndirmə işi aparmalıdırlar. Çoxlu sayda mərmilər var ki, yerə təmasda olsa da, partlamayıb. Gələcəkdə torpaq əkinə hazırlandığı zaman partlayış baş verə bilər. Elan olunmalıdır ki, kimin əlində silah-sursat varsa, təhvil verməli, partlayıcı maddə tapılan zaman dərhal mütəxəssisə müraciət edilməlidir. Maarifləndirmə işi bundan sonra hələ 10-15 il davam etməlidir. Ancaq biz bunları etmirik və ağır nəticəsini Ağcabədidə gördük. Əminəm ki, həmin şəxs partlayışı bilərək törətməyib. Sadəcə sursatın mahiyyətini başa düşməyib. Hərbçilər, hüquq-mühafizə orqanları bələdiyyəyə çağrılmalı, kənd camaatı üçün dərslər keçilməlidir. İcra hakimiyyətli bu işləri təşkil etməli, insanlara nümunə partlayıcı qurğular göstərilməli, mahiyyəti izah olunmalıdır. İcra hakimiyyətlərinin mülki müdafiə üzrə müavinləri hazırda nə iş görür, niyə bu məsələlərlə məşğul olmur?
Bütün bunların nəticəsində biz heç nədən bu gün vətəndaşlarımızı itirdik”. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 fevral 2025, 20:12
Top