Cinsiyyətin dəyişdirilməsi — Gələcəkdə hansı qorxulu fəsadlara YOL AÇACAQ?

GÜNDƏM 30 yanvar 2025, 11:11
Dünyada kişinin qadına, qadının kişiyə çevrilməsi prosesi getdikcə adiləşib. Ölkəmizdə isə bu, yəni cinsiyyətin dəyişdirilməsi qanunla qadağandır. Lakin bəzi hallarda sosial şəbəkələrdə cinsini əməliyyatla dəyişənlərin olduğu iddialarına rast gəlirik. Hələ illər öncə estetik-plastik əməliyyatların bir növü olan cinsiyyətin dəyişdirilməsi prosesinə ölkəmizdə ən çox kişilərin müraciət etdiyinə dair mütəxəssis rəyləri də mövcud idi.

Ölkəmizdə bu sahədə yeganə mütəxəssis həkim, Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü mərhum Camal Əzimzadə olub. 2013-cü ildə vəfat edən həkimin 2011-ci ildə mətbuata verdiyi açıqlamalara görə, 2002-ci ildən 2011-ci ilədək cinsin dəyişdirilməsi üzrə təxminən 30-35 nəfər müraciət edib. Yalnız 9-u üzrə cinsiyyət dəyişikliyi aparılıb ki, bunlardan da 8-i kişi, 1-i qadın olub.

Sonrakı illərdə qanun icazə verməsə də, özəl klinikalarda belə əməliyyatın icra olunduğuna dair iddialar var.

Əgər qanuni baza yoxdursa, buna niyə nəzarət olunmur? Yaxud əgər gizli şəkildə əməliyyatların icra olunduğu iddiası varsa, qanuniləşdirməyə ehtiyac yarana bilərmi?

Mövzuya münasibət bildirən sosioloq Lalə Mehralı Bizim.Media-ya deyib ki, bizdə cinsiyyətin bərpası qanunla qadağan deyil:

“Sadəcə ikili cinsiyyətlə doğulanların cərrahi üsulla orqanizminin hansı cinsə uyğun gəlməsi təqdirdə cinsiyyətin əməliyyatla bərpası mümkündür. Yəni əvvəlcədən müayinə aparılır, daxili orqanlar hansı cinsə uyğundursa, xarici cinsi orqanı da həmin cinsə uyğun cərrahiyyə əməliyyatla bərpa edirlər. Yəni bu, anadangəlmə qüsurdur, bunu həkim müayinələrdən sonra hansı cins olduğunu müəyyən edir və bundan sonra şəxs uyğun olduğu cinsə keçirilir”.

O hesab edir ki, könüllü çəkildə cinsini dəyişməyə icazə verilsə, bu, kütləviləşəcək:

“İnsanlar müəyyən yaşdan sonra qadın və ya kişi olmağa meyillənirlər.  Dünyada bununla bağlı ciddi təhlükəli vəziyyət var. İnsanlıq demək olar ki, cildini dəyişir. Əvvəllər qadın və ya kişi cinsi olduğunu deyirdik, indi orta cinsin şəxsiyyət olaraq təsdiqlənməsindən söhbət gedir.

Zənnimcə, bu cür vəziyyət bizim ölkəmizdə lazım deyil. İndi gizli-gizli etdirənlər və yaxud əməliyyat etdirməyib, sadəcə kamuflyaj olub istədikləri cins kimi görünən insanların sayı nə qədərdirsə, bu qanuniləşəndən sonra yüzlərlə artıq olacaq. Yəni bir növ göz alışacaq.

Təsəvvür edin ki, övladımıza elçi getmək istəyirik, elçi getdiyimiz qızın doğuş tarixçəsini araşdırmaq məcburiyyətində qalacağıq. Gələcək kürəkən, gələcək gəlninizin anadan olduğu kimi böyüdüyünün şübhəsini yaşayacağıq. Bu şübhələr bizi çox narahat edəcək. Bu cür vəziyyətlər normallaşacaq, ona görə də buna yol vermək olmaz”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top