Gənc oğlan bacısını təhqir edən yeznəsini bıçaqladı — Xırdalanda qanlı olay

HADİSƏ 16 yanvar 2025, 20:59
Abşeron rayonunda 2006-cı il təvəllüdlü Xəlil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısının əri Məmmədə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 29 noyabr 2022-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. 

Xəlil yaşadıqları evinin yataq otağında bacısı Samirəyə qarşı nalayiq ifadə işlətdiyinə görə onun həyat yoldaşı Məmmədlə mübahisə edib. O, mətbəxdən götürdüyü bıçaqla Məmmədin qarın nahiyəsindən qəsdən bir dəfə vurub. 

Hadisəni törədən Xəlilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Məmməd onun bacısı Samirənin həyat yoldaşıdır: “Bacım ilə həyat yoldaşı arasında mübahisələr yarandığı üçün bacım boşanmaq istəyib. Buna görə də evimizə gəldi. Hadisə günü, saat 10 radələrində Məmməd də yaşadığımız evə gəldi. Mən  həmin vaxt Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin 11-ci sinifində təhsil alırdım. Dərsdən gələn zaman Məmmədin evdə olduğunu gördüm. Məmmədlə görüşdüm, birlikdə yemək yedik”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Məmməd bacısına öz evlərinə getməyi təklif etdik də, bacısı Məmmədlə razılaşmayıb: “Bundan sonra Məmməd əsəbiləşərək bacım ilə dalaşmağa, onun ünvanına nalayiq ifadələr işlətməyə başladı. Bacım digər otağa keçdi. Mən, Məmməd və əmim oğlu Camal eyni otaqda olduq. Məmməd otaqda uşağını özü aparmaq üçün uşağın paltarını axtaran zaman bacımın ünvanına yenidən xoşagəlməz ifadələr işlətdiyi üçün mən də buna əsəbləşdim. Mətbəxdən bıçağı götürərək Məmmədin qarnından bıçaqla bir dəfə vurdum. Məmmədi vurduqdan sonra evdən çıxaraq getdim. Həmin vaxtı bacım Samirə və əmim oğlu Camal orada olub. Mən hazırda Məmmədlə barışmışam. Bacım və Məmməd də bir yerdə yaşayırlar. Məmmədin mənə qarşı heç bir şikayəti yoxdur. Əməlimdən peşman olmuşam”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Məmmədin sözlərinə görə, 26 aprel 2019-cu ildə Samirə ilə evlənib və onların birgə evliliklərindən 2020-ci il təvəllüdlü bir qızları var: “Samirə mənimlə evlənənə qədər ailə üzvləri ilə birlikdə yaşayıb, evləndikdən sonra isə mənimlə birlikdə yaşamağa başladıq. Samirə ilə münasibətlərim həmişə yaxşı olub. 13 noyabr 2022-ci ildə Məmmədin universitetdə imtahanı olduğundan sonuncunu valideynlərinin yanına, yəni Xırdalan şəhərinə apardım. Noyabrın 22-də Samirəyə zəng edərək imtahanının bitdiyini və evə gəlməsini dedim. Samirə mənə boşanmaq istədiyini bildirdi”. 

Zərərçəkmiş bildirib ki, noyabrın 29-da qayınatası Kərəmin yaşadığı gedib, saat 8 radələrində Samirənin atasının yaşadığı ünvana çatıb: “Həmin vaxt Samirə və 3 yaşlı qızımız evdə olub. Daha sonra Kərəm də evə gəldi. Biz bir az söhbət etdikdən sonra Kərəmə işlədiyi yerdən zəng gəldiyi üçün sonuncu getməli oldu. Kərəm getdikdən təxminən 10 dəqiqə sonra evə Xəlil və əmisi oğlu Camal gəldi. Biz birlikdə yemək yedikdən sonra Samirəyə mənimlə birlikdə getməsi üçün hazırlaşmasını bildirdim. Samirə qəti olaraq mənimlə getmək istəmədiyini dedim. Bundan sonra uşağı gəzdirmək məqsədilə özüm ilə aparmaq istədim. Samirəyə uşağın paltarlarını geyindirərək hazırlamasını bildirdim. Samirə mənim uşağı aparmağımı istəmədiyi üçün uşağın paltarlarını geyindirmədi. Samirənin bu hərəkəti məni əsəbləşdirdi. Ona səsimin tonunu yüksəltməklə acıqlandım. Sonra geyindirmək üçün uşağın paltarlarını axtarmağa başladım. Həmin vaxt Samirə qonaq otağında, Xəlillə Camal isə mənimlə birlikdə yataq otağında oldu. Mən yataq otağından uşağın paltarlarını axtara-axtara arvadım Samirəyə qarşı əsəbim keçmədiyi üçün onu uca səslə danlamağa başladım. Həmin vaxt Camalın qışqıraraq “nə etdin?” sözünü dediyini eşitdim. Həmin vaxt Xəlil də otaqdan qaçaraq çıxdı. Mən hələ də Xəlilin məni bıçaqla vurduğunu hiss etmədim. Camal isə əlini mənim qarnıma doğru aparan zaman Xəlilin bıçaqla vurduğunu başa düşdüm. Qonaq otağında olan divanda oturdum. Bu zaman Samirə mənə əsgi verdi və mən əsgini yarasının üzərinə qoydum. Camal həmin vaxt təcili tibbi yardıma zəng edərək lakin təcili tibbi yardım xidmətinin gec gəldiyini gördü. Dostuna zəng edərək təxminən 15 dəqiqə sonra Camal Kərəm ilə birlikdə məni tanımadığım taksi ilə xəstəxanaya apardı"

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəlilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top