Vardanyanı hansı cəza gözləyir? — AÇIQLAMA

GÜNDƏM 08 yanvar 2025, 21:22
Xəbər verdiyimiz kimi, Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. İşi üzrə hazırlıq iclası yanvarın 17-nə təyin olunub.

Bir ildən artıq davam edən istintaqla bağlı Bakupost.az -a danışan politoloq Elçin Alıoğlu Bakupost.az-a bildirib ki, separatçılardan Ruben Vardanyana Azərbaycan Cinayət Məcəlləsinin 15-dən çox maddəsi ilə ittiham irəli sürülü:



"Ruben Vardanyan təcavüzkar müharibəni planlaşdırma və aparma, əhalini deportasiya etmə və ya məcburi köçürmə, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, terrorçuluq və onun maliyyələşdirilməsi və s. kimi cinayət əməllərində ittiham olunur. Həmin ittihamlar arasında beynəlxalq humanitar hüquq normalarını pozma, qanunsuz silahlı qruplaşmalar yaratma və aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər də yer alır".

E.Alıoğlu bildirib ki, Rusiya vətəndaşı olan Ruben Vardanyan daha sonra məqsədli şəkildə bu vətəndaşlıqdan imtina edərək Ermənistan vətəndaşlığını qəbul edib:

"O, Rusiya iş dünyasında tanınan fiqurlardan biri olub. “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri, “KAMAZ” ASC-nin Direktorlar Şurasının üzvü və “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru vəzifələrində çalışıb. Lakin onun fəaliyyət dairəsi təkcə iş dünyası ilə məhdudlaşmayıb. Ruben Vardanyan terrorçuluğun maliyyələşdirilməsi və qeyri-qanuni hərbi əməliyyatların təşkilində də ittiham olunur. Rəsmi məlumatlara əsasən, Ruben Vardanyan cinayət işi üzrə bütün maddi sübutlar, sənədlər, ekspertiza rəyləri ilə tanış edilib. O, Azərbaycan ərazisinə qanunsuz daxil olaraq Qarabağda qanunsuz hərbi təlimlər keçirmək, hərbi silah-sursat əldə etmək və digər qeyri-qanuni fəaliyyətlərlə məşğul olmaqda ittiham olunur”.

Politoloq qeyd edib ki, irəli sürülən ittihamların əksəriyyəti xüsusilə ağır cinayət kateqoriyasına aiddir və onların sanksiyaları ömürlük azadlıqdan məhrum etməyə qədər cəza nəzərdə tutur. Məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsi baxacaq və yekun qərar veriləcək:

“Vardanyan istintaq zamanı tərcüməçi və özünün seçdiyi vəkillərlə təmin olunub. Onun və vəkillərinin verdiyi vəsatətlərə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq baxılıb və müvafiq qərarlar qəbul edilib. Ruben Vardanyanla bağlı istintaqın tamamlanması onun törətdiyi ağır cinayətlərin məhkəmə qarşısında ədalətli qiymət almasını təmin etmək məqsədi daşıyır. Bu, həm Azərbaycan ədalət sisteminin, həm də beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həyata keçirilir. Vardanyanın mümkün cəzası isə Azərbaycan qanunvericiliyinə əsasən, ən ağır sanksiyaları ehtiva edə bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top