Mahmud Hacıyev: “Onları manipulyasiya edən şəxslərə qarşı ciddi tədbirlər görülməlidir”
Azərbaycanda idmana və idmançılara xüsusi diqqət və qayğı göstərildiyi halda, bir sıra idmançıların vaxtaşırı bu etimadı doğrultmadığının şahidi oluruq. Həm idman arenalarında uğursuz nəticələr göstərirlər, həm də bəziləri kriminallaşır.
Vaxtaşırı belə xəbərlər eşidirik ki, idmançıların adları kriminallarda, “razborkalarda”, pul tələb etmədə, davalarda keçir.
Son olaraq Bakıda bir dəstə idmançı xuliqanlıq zəminində DSX zabitini döyüb.
Bu insidenti törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən təqdimata baxılıb.
Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.
Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elnur Həmidov və Elçin Hüseynov barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Qeyd edək ki, Ramal Aslanov dünən sərbəst buraxılıb.
İdmançıların bəziləri niyə kriminallaşır? Dünyada da belədirmi? Bunun qarşısını necə almaq olar? Məsuliyyət kimindir?
Sosioloqların fikrincə, bəzi idmançıların kriminallaşmasının səbəbələri aşağıdakılardır:
Sosial-iqtisadi amillər: İdmançılar adətən gənc yaşlarından məşq etməyə başlayırlar. Bu, onların akademik biliklərini və sosial bacarıqlarını tam inkişaf etdirməyə imkan vermir. Karyeraları bitdikdən sonra isə maliyyə problemləri və sosial dəstəksizlik onları cinayətə sürükləyə bilir.
Psixoloji təzyiqlər: Böyük yarışlarda qələbə və uğur üçün yüksək gözləntilər idmançıların psixoloji gərginlik yaşamasına səbəb ola bilər. Bunun nəticəsində, bəziləri dopinq istifadəsinə və ya qeyri-qanuni yollarla nəticələrini yaxşılaşdırmağa çalışırlar.
Asılılıq və narkotiklər: Yarışlardan sonra stresi azaltmaq üçün bəzi idmançılar spirtli içkilərə və ya narkotik maddələrə meyillənirlər. Bu isə sonradan kriminallaşmaya səbəb ola bilir.
Dostlar və mühit təsiri: Peşəkar idmanda bəzi idmançılar ətraflarında olan dostların və ya menecerlərin təsiri ilə qeyri-qanuni fəaliyyətlərə qoşulurlar. Xüsusilə idman dünyasında mafiyalaşmış qrupların təsiri bu halları daha da artırır.
Kriminallaşma halları dünyanın bir çox ölkəsində müşahidə olunur. Məsələn, ABŞ-da məşhur idmançılar arasında narkotik istifadəsi və silahlı insidentlərə qarışanların sayı az deyil.
Rusiyada dopinq qalmaqalları və qadağan olunmuş maddələrin istifadəsi yayğındır.
Braziliyada futbolçuların bəzi hallarda mafiya ilə əlaqəli olduqları məlumdur.
İtaliyada isə məşhur idmançılar arasında mafiya bağlantıları araşdırılır.
Bu hallar göstərir ki, problem qlobal xarakter daşıyır və fərqli ölkələr bu məsələnin həllində müxtəlif strategiyalar tətbiq edir.
Mütəxəssislər qeyd edir ki, idmançıların kriminallaşması kompleks bir problemdir və yalnız cəza tədbirləri ilə həll edilə bilməz. Bu problemin aradan qaldırılması üçün təhsil, psixoloji dəstək, sərt nəzarət və profilaktik tədbirlər mühüm rol oynayır. Cəmiyyətin və idman təşkilatlarının birgə fəaliyyəti nəticəsində bu problem minimuma endirilə bilər.
Mahmud Hacıyev
Mövzu ilə bağlı sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, bu məsələyə birtərəfli yanaşmaq doğru olmazdı. İnsan faktoru olan yerdə kriminal da, cinayət olacaq. Adi insanlar arasında da xarakter baxımından kriminala meyilli olanlar var, eləcə də idmançılar arasında. Bu onların intellektual səviyyəsindən, böyüdüyü mühitdən, ailə tərbiyəsindən, ətrafından valideynləri, eləcə də məşqçisindən asılı ola bilər.
Bir çoxları idmançıların fiziki imkanlarından, xasiyyətindən istifadə edərək, onları kriminala cəlb edirlər. Yəni idmançıların cinayətə cəlb olunmasında təkcə onların şəxsi zəiflikləri deyil, həm də onları yönləndirən şəxslərin təsiri böyük rol oynayır. İdmançılar bəzən mülayim xasiyyətləri və itaətkar təbiətləri səbəbilə cinayətkar qrupların təzyiqlərinə məruz qalırlar. Onlar öz fiziki imkanlarını qanunsuz məqsədlər üçün istifadə etməyə vadar edilirlər.
Bildiyim qədər son baş verən hadisədə idmançıları bu işə cəlb edən, yönəldən şəxs olub. Bu baxımdan hesab edirəm ki, idmançıları manipulyasiya edən şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Həm qanunvericilik, həm də hüquq-mühafizə orqanları bu sahədə daha sərt addımlar atmalıdır".