Yaşı 35-i keçənlər ehtiyatlı olsun, virus marta qədər aktiv olacaq — Professor

GÜNDƏM 07 yanvar 2025, 19:06
İnsan metapnemovirusu (HMPV) artıq Azərbaycandadır. Qeyri-rəsmi məlumata görə, hətta insanlar artıq 2 aydır ki, bu virusa yoluxur. Bir çoxları onu koviddən ağır hesab edir.

Demokrat.az xəbər verir ki, Bakupost.az -a açıqlama verən professor, pulmonoloq Əlizamin Sadıqov metapnemovirusun koviddən fərqini və ilk əlamətlərini açıqlayıb.

O qeyd edib ki, virus hal-hazırda Çin Xalq Respublikasında insanlar arasında geniş yayılıb:

"Avropada və Amerikada isə yayılma səviyyəsi demək olar, yoxdur. Bu infeksiya qrip, COVID-19 kimi simptomlara sahibdir. Əsasən, kəskin şəkildə burun axması ilə başlayır. Bu, metapnemovirusu qrip və COVID-19-dan fərqləndirən ən birinci əlamətdir. Bununla yanaşı, müddəti digər infeksiyalara nisbətən daha qısadır, məsələn, 2-3 gün ola bilər. Normal immun sistemi olan insanlar üçün bu infeksiya təhlükəli deyil. Əsasən, 2 və 5 yaşa qədər uşaqlar üçün risklidir. Bu yaş qrupunda hətta ölüm halları, xəstəliyin ağırlaşması və pnevmoniya kimi vəziyyətlər baş verə bilər. Yaşı 35-dən yuxarı olan insanlar da bu infeksiyadan daha çox təsirlənə bilər. Digər risk qrupları isə xroniki xəstəlikləri olanlardır: xərçəng müalicəsi alanlar, hematoloji xəstələr və autoimmun xəstəlikləri olanlar. Ona görə də bu insanların mümkün qədər qorunması vacibdir”.

Professor bildirib ki, virusun aktivliyi marta qədər davam edəcək:

“Hələ bu xəstəliyin vaksini yoxdur. Bu səbəbdən insanlarımız özünü qorumalıdır. Əllərin düzgün yuyulması, maska taxılması, xəstə insanlara yaxınlaşmamaq, ictimai nəqliyyatda qorunma tədbirlərinin alınması və kifayət qədər ventilyasiyanın təmin edilməsi vacibdir. İş yerlərində və digər məkanlarda ventilyasiya nə qədər yaxşı olsa, infeksiyanın yayılma ehtimalı bir o qədər azalar. İnsanlar təşvişə düşməsinlər: bu infeksiya qorxulu deyil. Ciddi fəsad törətmək təhlükəsi yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top