"Gürcüstandakı müxalifət Qərb tərəfindən maliyyələşdirilə bilər” — ŞƏRH

DÜNYA 08 yanvar 2025, 17:15
"Tiflisdə və ölkənin digər şəhərlərində on minlərlə insan bir araya gələrək “Birlik zənciri” aksiyası keçirib. Şəhərin müxtəlif bölgələrində canlı zəncirə siyasətçilər və prezident Salome Zurabişvili də dəstək verib. Bütün çətinliklərə baxmayaraq, Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. 

Maraqlıdır,  partiya bu təzyiqlərə tab gətirərək siyasi sabitliyi qorumağı bacaracaqmı, yoxsa müxalifət bu hadisələrdən güclənmiş şəkildə çıxacaq?

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Demokrat.az-a açıqlama verib.

O bildirib ki, belə bir halın olacağı gözlənilən idi:

“Müxalifət mümkün qədər yeni prezident Mixeil Kavelaşvilinin  hakimiyyətdə möhkəmlənməsinə mane olmağa çalışacaq. Gələcəkdə də oxşar yönümlü addımların atılması mümkündür, ancaq bu təkcə daxildəki müxalifətin beyninin məhsulu deyil, həm də Avropa İttifaqının və ABŞ-nin Gürcüstan müxalifətinə “ev tapşırığı”dır. Başqa formada desək Qərb, ABŞ və Avropa İttifaqı Rusiyanın Gürcüstanda möhkəmlənməsinin qarşısını almaq istəyir. Bunun üçün Kavelaşvili hakimiyyətinin möhkəmlənməməsi üçün çalışır. O, Rusiyanın dəstəklədiyi Rusiyameyilli qüvvələrin dəstəyi ilə gəlib. Bu da Rusiyanın Gürcüstanda güclənməsi deməkdir. Qərb buna mane olmaq istəyir. Bunun üçün daxildəki müxalifətdən istifadə edir”. 

K.Novruzov onu da qeyd edib ki, daxildəki müxalifət hakimiyyətə qarşı müəyyən addımlar atmaq üçün Qərb tərəfindən maliyyələşdirilə də bilər:

“Bunların ciddi nəticə verəcəyini düşünmürəm. İqtidar da tək deyil, onunda arxasında Rusiya var. Təxminən bir aya qədər sular durulacaq. Ehtimal edirəm ki, prosesin sonunda Zurabaşvili Gürcüstanda qalmayacaq. Onun Fransaya gedəcəyini də istisna etmirəm”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top