Tovuzda kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 08 yanvar 2025, 17:06
Tovuz rayonunda 1981-ci il təvəllüdlü Azad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xumara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun kəndində baş verib. Azad kənddə yaşadığı evdə arvadı Xumar ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun sol qoluna qaynar su töküb. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Azadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun kəndində yaşayır: “Xumar mənim arvadımdır. Anam Cəmilə və arvadım Xumar mənim 17 yaşlı qızım Nəzrini Tovuz rayon sakini, 35 yaşlı Ramil adlı oğlana ərə vermək istəyirlər. Mən isə buna razı olmadığımdan evdə anam və arvadım ilə mübahisələrim oldu. Hadisə baş verən günü, saat 20 radələrində evə gəldim. Evdə anama  dedim ki, mənim qızım ərə getmir, nəyə görə qızı zorla ərə vermək istəyirsiz? Bu səbəbdən anam ilə mübahisə etdim. Arvadım Xumar bizim aramıza keçərkən onunla da mübahisə etdim. Bu zaman əsəbləşərək sobanın üstündəki qaynar suyu götürərək arvadımın sol qolunun üstündən tökərək onu yandırdım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xumarın sözlərinə görə, evdə olarkən qaynanası Cəmilə ilə mübahisə yaranıb:"Həmin gün saat 20 radələrində evdə sobanın üstünə qab yumaq üçün su qoyaraq qızdırdım. Bu zaman ərim Azad evə gələrək məndən anası ilə nə üçün dalaşdığımı soruşdu. Mən isə anası ilə dalaşmadığımı, sadəcə aralarında qısa mübahisəmiz olduğunu bildirdim. Azad mənə inanmadı. Bundan sonra Azad sobanın üstündəki qaynar suyu qəsdən mənim sol qolumun üstünə tökərək məni yandırdı. Mən həmin gün yaşadığım evdə qaldım. Səhəri gün atam evinə gedərək qardaşım Amilə Azadın  qoluma su tökərək yandırdığını dedim. Daha sonra qardaşım bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdi”.

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Azadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top