Kreditlərlə bağlı yeni qaydalar: Hansı təşkilatların lisenziyasi ləğv olunacaq? — ARAŞDIRMA

İQTİSADİYYAT 06 yanvar 2025, 11:41
Məlum olduğu kimi, artıq bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən, BOKT-ların nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb. Təşkilatların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib. Dəyişikliyə görə, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0,3 faiz müəyyənləşdirilib. Başqa sözlə, qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0,3 faizlə limitləndirilib.

Mütəxəssislərin fikrincə, yeni tələblər BOKT-ların maliyyə dayanıqlığını və istehlakçı hüquqlarının müdafiəsini gücləndirmək, əhalinin bütün təbəqələrinin maliyyə resurslarına əlçatanlığını yaxşılaşdırmaq məqsədi daşıyır. Kapital tələbinin artırılması BOKT-ların daha diversifikasiya olunmuş resurs mənbələrinə çıxışını genişləndirməklə maliyyə vasitəçiliyində rolunu artıracaq.

Mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, BOKT üçün əvvəlki nizamnamə fondunun kapital tələbi 300 min manat idi və bu, kiçik məbləğ sayılırdı. BOKT-ların nizamnamə kapitalının artırılması bu təşkilatların arzu və istəklərinə uyğun deyil. Bu daha çox sözügedən təşkilatların qurum kimi güclənməsi, onların maliyyə imkanlarının artırılması üçündür:



“Mərkəzi Bank deyir ki, bank olmayan kredit təşkilatlarının səhəmdarları ortaya daha çox pul qoysun. 300 min nə puldur?! Onsuz da fəaliyyət göstərən bir çox BOKT-ların nizamnamə kapitalı yüksəkdir və onlar üçün problem yoxdur”.

Ekspertin sözlərinə görə, yeni qərar BOKT-ların vətəndaşlar üzərinə kəskin yüklənməsinin qarşısını alacaq:

“Kiçik BOKT-lar var ki, onların sahibkarları ortaya əlavə investisiya qoymalıdır. Bu, həm bank olmayan kredit təşkilatlarının fəaliyyətinin keyfiyyətini yaxşılaşdırır, həm də sahibkarların məsuliyyətini artırır. Bu qərar normaldır və BOKT institutunun gücləndirilməsinə yönəlib. Burada BOKT-lərin nizamnamə kapitalının artırılmasından əlavə, onların kreditləşməsi və fəaliyyəti üzərində nəzarətin artırtılması ilə bağlı da tələblər var. Bu isə vətəndaşların kəskin yüklənməsinin qarşısını alacaq. Digər tərəfdən isə, biznesə daha çox pul qoyanda sahibkarın məsuliyyəti də artır”.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, kredit bazarında faizlər tələb və təklif əsasında rəqabətli mühitdə formalaşmalıdır. Azərbaycanda isə maliyyə bazarları şaxələnməyib, bu istiqamətdə əlçatanlıq aşağıdır. Belə bir şəraitdə şəffaf olmayan BOKT seqmenti mövcuddur və verdiyi kreditlərdə yüksək faizlərin tətbiqi imkanı genişdir:



"Çünki BOKT-lara münasibətdə tənzimləyici qurum xüsusi tənzimləmələr tətbiq etmirdi. Digər sahədə krediti qaytarma qabiliyyəti olmayan müştərilər BOKT sahəsinə meyllənə bilirdilər. Necə ki, bu kateqoriyada olanlar lombardlara meyllənirdilər, eyni qaydada da BOKT-lara üz tuturdular. Burada da mövcud vəziyyətdən sui-istifadə halları yaranırdı. Faizlərlə bağlı müvafiq həddin gətirilməsi bu istiqamətdə mövcud olan riskləri idarə etmək məqsədi daşıyır. Fikrimcə, BOKT-larla bağlı yeni qaydalar daha sağlam qeyri-bank təşkilatlarının formalaşmasına gətirib çıxaracaq. Əgər yeni tənzimləmələr üzərindən növbəti dövrdə effektiv siyasət və həllər təklif olunarsa, bu, daha dayanıqlı, daha geniş bazar payına malik BOKT-ların formalaşmasına səbəb ola bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, bank olmayan kredit təşkilatlarının faizlərinin yüksək olması tez və asanlıqla kredit rəsmiləşdirilməsinə imkan verir. Bu sahə riskli olduğu faizlər də yüksəkdir:



"Əslində bu məsələni bazar tənzimləməlidir. Bu, vətəndaşın seçim imkanına bağlı olan məsələdir. Heç kim vətəndaşı məcbur etmir ki, belə təşkilatlardan kredit alsın. Demək ki, vətəndaşlar məcbur olub kredit götürməyə qərar verirlər. Bir çox hallarda banklarda borcu olan və ya kredit tarixçəsi mənfi olan vətəndaşlar da məcbur olub belə kreditlər götürürlər. Bu yanaşma çox təhlükəli yanaşmadır. Bir müddətdən sonra kredit götürən vətəndaşların sayı o qədər arta bilər ki, bu, bank sektoruna müəyyən təhlükələr yarada bilər”.

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, hazırda ölkədə 50-dən çox BOKT fəaliyyət göstərir. Əsas məqsəd onların kredit bazarında rəqabətə təsir göstərə bilmək imkanlarının artırılmasıdır:



“BOTK-ların kredit bazarında rəqabətə təsir imkanları məhduddur. Ona görə də mərhələli şəkildə onların bazarda əsas aktorlardan birinə çevrilməsinə ehtiyac var. Əvvəlki dövrlər üçün nizamnamə kapitalının məbləği yüksək deyildi, bu da ona gətirib çıxarırdı ki, xeyli sayda BOKT formalaşırdı, amma onların ümumi kredit portfelində payı çox deyildi. Nəticə etibarilə həmin təşkilatlar bir sıra hallarda kifayət qədər yüksək faizlə kredit təklif edirdilər ki, bu da təbii olaraq, vətəndaşlarımızın borclanmasına, daha sonra həmin borc kreditlərinin geri qaytarılmasında çətinliklərin müşahidə olunmasına gətirib çıxarırdı. Ona görə yeni qaydalar birmənalı şəkildə həm risklərin sığortalanması, həm də bu sahədə rəqabətin gücləndirilməsi məqsədi daşıyır. Çünki nəticə etibarilə bu, həm də BOKT-lər üçün sektorun payının artırılması və ümumi kredit portfelində payının çoxaldılması aspektindən də vacibdir”.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, BOKT-lara yeni kapital tələbini yerinə yetirmək üçün 3 ay vaxt verilib. Mövcud BOKT-lar tələbi təmin etmədikdə, bununla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcək, o cümlədən kredit təşkilatlarının lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq addımlar atılacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top