Rusiyada miqrantlara qarşı növbəti addım

DÜNYA 02 yanvar 2025, 10:44
Rusiyada polis əməkdaşları deportasiya rejiminə düşən miqrantların faktiki yaşadığı mənzil və digər yerlərə maneəsiz daxil olmaq hüququ əldə edəcəklər.

Demokrat.az  TASS-a istinadən xəbər verir ki, müvafiq normalar martın 5-də qüvvəyə minəcək qanunda öz əksini tapıb.

Həmçinin polis əməkdaşları Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan məlumat və sənədləri, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri tələb edə, həmçinin banklardan deportasiya rejimində olan əcnəbinin bank hesablarının mövcudluğu və nömrələri, bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə məlumat ala biləcəklər.
 
Daxili İşlər Nazirliyinin əməkdaşları martın 5-dən etibarən bu rejimdə olan əcnəbi vətəndaşlar üzərində texniki vasitələrdən istifadə etməklə müşahidə apara biləcəklər. Bu norma həmçinin belə əcnəbilərə “Rusiya ərazisində qalmaqda yardım edən” fiziki və hüquqi şəxslərə də aiddir.

Polis mobil cihazların və geolokasiya məlumatlarından, ödəniş sistemlərindən, üztanıma sistemində işləyən məlumatlardan istifadə etmək hüququna malik olacaq.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Baş naziri Mixail Mişustin qanun pozuntusu törədən miqrantlar üçün nəzarət edilən şəxslərin reyestrinin yaradılması haqqında qərar imzalayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top