“Azərbaycan Dəmir Yolları”ndan yarımçıq hesabat və 100 milyonluq zərər

İQTİSADİYYAT 29 dekabr 2024, 13:18
“Azərbaycan Dəmir Yolları” QSC mənfəətdən zərərə keçib. 

Demokrat.az xəbər verir ki, dövlət şirkəti 2023-cü ili 2023-cü ili 101,3 mln. manat məcmu zərərlə bitirib. Halbuki, QSC 2022-ci ili 48,1 mln. manat xalis mənfəətlə bitirmişdi. 

ADY-nin ötən ilin zərərlə başa vurmasının əsas səbəbi gəlirlərin cüzi artması fonunda, əsasən sair xərclərin kəskin artması ilə bağlıdır. 

Belə ki, 2022-ci ildə dövlət şirkətinin cəmi gəlirləri 601,4 mln. manat olduğu halda, 2023-cü ildə bu rəqəm 602,7 mln. manata bərabər olub. 

Köhnəlmə və amortizasiya 83,5 mln. manatdan 108,34 mln. manata, əməkhaqqı və əlaqəli ödənişlər 204,15 mln. manatdan 264,3 manata, elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri isə 63,6 mln. manatdan  71,1 mln. manata yüksəlib.

 Ən əsası isə sair xərclər 52,5 mln. manatdan 126,89 mln. manata yüksəlib. Başqa sözlə, bir ildə ADY sair xərclərini 74,4 mln. manat artırıb. 

QSC audit hesabatını yarımçıq açıqladığı üçün bu xərclərinin nədən ibarət olduğunu aydınlaşdırmaq mümkün deyil. 

Nəticədə ADY-nin əməliyyatı ötən il 53,97 mln. manat həcmində zərərli olub. 

Şirkətin mənfəət vergisi ödəmələri isə 20,8 mln. manatdan 2,3 mln. manata enib. 

2023-cü ilin 101 mln. manatlıq zərəri də əlavə edildikdən sonra ümumilikdə ADY-nin yığılmış zərəri 4 mlrd. 447,6 mln. manata çatıb. 

Dövlət şirkətinin cəmi aktivləri ötən il 5,08 mlrd. manatdan 5,97 mlrd. manata, cəmi öhdəlikləri 2,45 mlrd. manatdan 2,58 mlrd. manata, cəmi kapitalı isə 2,63 mlrd. manatdan 3,39 mlrd. manata yüksəlib. 

Qeyd edək ki,  iri şirkətlər, o cümlədən dövlət şirkətləri maliyyə və audit hesabatlarını tam şəkildə açıqlamalıdırlar. Hesabatların yarımçıq açıqlanması və rəqəmlərin şərh edilməməsi həmin şirkətlərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla  bağlı şübhələr doğurur. (Yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 yanvar 2025, 00:01
Top