"Sığorta imkanlarından vətəndaşlar yetərincə yararlana bilirlər" — Adil Qeybulla

GÜNDƏM 28 dekabr 2024, 18:18
TƏBiB-in icraçı direktorunun müavini Araz Nəsirov media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində bildirib ki, vətəndaşlar qurumun fəaliyyətindən xəbərdar olmalıdırlar. Onun sözlərinə görə, əhalinin bir qismi TƏBİB-in fəaliyyətindən, onlar üçün yaradılmış sığorta əsaslı müayinə və müalicə imkanlarından xəbərsizdirlər: “TƏBİB-in fəaliyyəti barədə insanları məlumatlandırmaq çox vacibdir. Ölkədə hələ də bəzi insanlar özəl xəstəxanalara külli miqdarda pul ödəyərək müalicə olunur, əməliyyatlar etdirirlər. Buna görə də əhali arasında maarifləndirmə tədbirlərinin aparılması vacib əhəmiyyət kəsb edir".

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında problemə münasibət bildirib. O deyib ki, ölkədə müxtəlif mülkiyyət formalı xəstəxanalar mövcuddur:

“Əsasən, dövlət və özəl mülkiyyət formalı xəstəxanalardır, həmçinin sığorta təbabəti mövcuddur. Bizdə hələ ki munisipal mülkiyyət formalı xəstəxanalar yoxdur. İnsanların seçim haqqı var, kim istəsə özəl xəstəxanalarda müalicə olunar, istəyən dövlət xəstəxanalarını seçər, sığortadan istifadə edər. Vətəndaşların çoxu fikirləşir ki, özəl xəstəxanalar daha yaxşıdır, ən güclü həkimlər çalışır, ən müasir avadanlıqlar oradadır. Bu fikirlərin arxasıyca qaçırlar. Lakin mən deyərdim ki, bu gün dövlət xəstəxanalarının da təchizatı yüksək səviyyədədir. Sığorta imkanlarından vətəndaşlar yetərincə yararlana bilirlər. Əlbəttə, maarifləndirmə işi burada çox vacibdir. Bu baxımdan TƏBİB-in mətbuat xidməti özü bu işdə fəal iştirak etməlidir. Əsas məsələ odur ki, vətəndaşlarımız onlar üçün yaradılan imkanlardan xəbərdar olsunlar. Təəssüflər olsun ki, ilk vaxtlar icbari tibbi sığorta tətbiq olunanda bu, yetərincə vətəndaşlara izah edilmədi. Amma indi hər şey yavaş-yavaş qaydasına düşür. Həm icbari tibbi sığortanın əhatə dairəsi genişlənir, həm də vətəndaşlar bundan fayda görməyə başlayırlar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top