Tarix: 24 dekabr 2018-ci il, məkan: Abşeron rayonu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimdə iştirak edir. Dövlət başçısı ənənəsinə sadiq qalaraq, budəfəki doğum gününü də yurd-yuvasından didərgin salınanlarla birgə qeyd eləmişdi, həm də onlar üçün müvəqqəti yurd salındığı məkanda.
Prezident əminliklə torpaqlarımızın azad olunacağını bildirmişdi.
Sitat: “Ölkəmizin artan qüdrəti o günü yaxınlaşdırır ki, belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda tikilsin…Sizin üçün bu, müvəqqəti yaşayış yeridir. Əlbəttə ki, burada gözəl şəraitin yaradılması bizim borcumuzdur. Mən bilirəm ki, burada yaşayacaq vətəndaşlar çox ağır şəraitdə yaşamışlar. İndi burada gözəl şərait yaradılır. Ancaq yenə də bu, müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda açılacaqdır”.
Bir çoxları üçün yuxu kimi görünürdü Qarabağın azadlığı amma Prezident qətiyyətli idi:
“Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir”.
O görüşdən və xalqa verilən o vədlərdən, düşmənə, havadarlarına edilən xəbərdarlıqlardan düz altı il keçir. Amma həmin görüşdə bəlkə çox adamın ağlına gələrdi ki, cəmi iki il keçəcək və Ali Baş Komandan, Prezident İlham Əliyev doğum gününü azad olunmuş ərazilərimizdə qeyd edəcək.
Sözsüz ki, yürüdülən uğurlu siyasətin, görülən işlər, ordu quruculuğu istiqamətində atılan fövqəladə addımlar, iqtisadi inkişafın məntiqi nəticəsiydi Böyük Zəfər, O, bunu bacardı! Qaçqın və köçkünlərlə saysız-hesabsız görüşlərdə hər zaman inamlı idi, qələbəyə zərrə qədər şübhəsi olmadığı hər sözündən bəlli olurdu, ümidsizliyə qapılan vətəndaşları da həmin inamlı fikirləri ilə özünə qaytarırdı, qələbəyə kökləyirdi. 2010-cu ilin 28 fevralında, Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dedikləri də bu qəbildən sözlər idi. Amma sadəcə söz deyildi, qələbə formulu, yol xəritəsi, dövlətin vətəndaş qarşısında andı idi.
Sitat: “Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər”.
Xatırlayırıq, o zaman Azərbaycan əleyhdarları, xüsusilə də Sərsəngdə kater sürən erməni məmurlar, sərvətlərimizi daşıyan Qarabağ klanı, Ağdamın Şahbulağında hərbi təlimlər keçirən işğalçı ordunun rəhbərliyi dişlərini ağardaraq ironiya edirdilər bu xəbərdarlıqlara. Axı, o zaman Azərbaycan döyüş meydanında sanki tək-tənha idi, hətta qardaş Türkiyə ilə də münasibətlər, əlaqələr indiki ilə müqayisəolunmaz halda idi. Ermənistanın işğalçı ordusu təmas xəttində yaşayan insanlarımızı alçaqcasına hədəfə alır, körpələrimizi, uşaqlarımızı həyətlərindəcə qanına qəltan edir, əsgərlərimiz atəşkəs dövrünün qurbanına çevrilirdilər, dünya bu xain hücumlara səssiz qalırdı, üstəlik, BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünə “bitərəf” qalanlar daxil, bir çoxları ölkəmizi “reallıqla barışmağa” vadar etmək istəyirdilər. Sağdan-soldan təzyiqlərin davam etdiyi illərdə İlham Əliyev heç zaman, zərrə qədər də geri addım atmadı, hər bir azərbaycanlının prezidenti olacağına and içərək görəvə başlayan lider dövlətin və rəhbərlik etdiyi xalqın maraqlarını daim müdafiə etdi. Məhz bu qətiyyətə, bu prinsipiallığa və verdiyi vədlərə sədaqətinə görə xalq da öz liderinin arxasında dayandı, rəşadətli ordumuz Dəmir Yumruğa dönüb, düşmənin başını əzdi!
Budur, Prezident İlham Əliyevin növbəti ad günündən bir neçə saat öncə qurulan, dirçələn Şuşaya növbəti köç karvanı yola düşdü, 51 ailədən, 208 nəfərdən ibarət doğma sakinlər! Vətən Müharibəsinin ən kritik zamanında, savaşın dayandırılmasından ötrü hərəkətə keçən mərkəzlərə xitabən “Şuşasız işimiz yarımçıq qalar”, deyərək ali hədəfini, qırmızı xəttini bir daha elan edən, prinsiplərindən geri çəkilməyən dövlətimizin başçısı həm də hər bir valideynlərinə dəyər verən övladın arzusunda olduğu hədəfə çatmasının, Ata vəsiyyətini yerinə yetirməyinin qürurunu yaşayır.
44 günlük müharibədə təkcə Azərbaycan xalqı deyil, dünyanın özü belə, İlham Əliyevi yenidən kəşf etdi, onun döyüşkən ruhuna şahid oldu, necə böyük sərkərdə, təcrübəli diplomat, milli və dövlət maraqlarını özünün qırmızı xətti sayan dövlət başçısı olduğunu hər kəs gördü. Prezident, Ali Baş Komandan İlham Əliyevi sanksiya hədəsi ilə, BMT Təhlükəsizlik Şurasının qətnamə təhdidi ilə dayandırmaq istədilər, Ermənistanın işğalını davam etdirmək, Qarabağdakı xunta rejimini yaşatmaq, cinayətkarların hansısa ad altında mövcudluğunu qoruyub-saxlamaq naminə ən xain addımlara, alçaq əməllər əl atdılar. Nəticəsi olmadı, çünki Azərbaycan Prezidenti NİDA-nı qoymuşdu, məsələ bitməliydi, bitdi də!
Xatırlayırıq, təmas xətti boyunca nə qədər təxribatlar oldu, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına ordumuz mətanətlə sinə gərdi bu xain hücumlara, düşməni yerində oturtdu. Laçın sakinləri ilə görüşərkən Xankəndidəki canilərə “miatsum bitdi, təslim olun”-məzmunlu mesaj verən dövlətimizin başçısı bir neçə ay da səbr etdi, lakin erməni cinayətkarlar həddini aşarkən onlara yolun sonunu göstərdi, cəmi bir gün çəkən antiterror əməliyyatı ilə!
Başa çatmaqda olan 2024-cü il həm də rus hərbçilərinin müvəqqəti yerləşdikləri Qarabağdan çıxarıldığı tarix olaraq yaddaşlara yazıldı. Özü də nəzərdə tutulduğundan il yarım öncə! Azərbaycanla Rusiyanı üz-üzə qoymağa çalışan mərkəzlər bu dəfə də uduzdular, Azərbaycan son bir neçə əsrdə heç bir xarici ordunun olmadığı məmləkət olaraq tarixə düşdü. Qısa bir xatırlatma edək: 1813-cü il Gülüstan müqaviləsinədək Xan ailəsinin yaşayış məskəni olan Xankəndi Rusiyanın Qarabağı işğal etməsindən sonra Çar ordusunun qornizonlarına məkan olmuşdu. Kiçik istisnaları, Cümhuriyyətimizin 23 aylıq ömrünü nəzərə almasaq, bu gəliş 200 illik bir dövrü əhatə etdi. Hətta 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra da, 366-cı alayın məskəni olan Xankəndi bizim üçün əlçatmaz idi, heç adını da dünyaya qəbul etdirə bilmirdik doğma məkanımızın. İlham Əliyevsə Xanın kəndini də bizə qaytardı, adını da! Qarabağda da bir nəfər belə, rus hərbçi yoxdur! Azad Xankəndidə keçən il Qələbə paradı, üstəlik Xankəndi meydançasında futbol oyunu keçirildi. Bundan sonra səmalarımızda top atəşi eşidilməsin, havada futbol toplarını görək, ümidi ilə...
2025-ci il həmin canilərin məhkəməsi qurulacaq, Qarabağda on illərlə at oynadan qatillər törətdikləri əməllərə görə cavab verəcəklər! Buna kimsə inanardımı bir zamanlar? Prezident İlham Əliyev dedi və etdi. Çoxlarının inanmadığına O inandı və realaşdırdı! Bakıda “çay içmək istəyən”lərə yerlərini göstərdi, qandallı gətirildilər Hərbi Qənimətlər Parkının yerləşdiyi başkəndimizə! Xəzər sahilinədək tank sürəcəklərini deyən erməni cinayətkarların arzuları qursağında qaldı, tankları Xəzər sahilindəki sərgidə.
Prezident İlham Əliyev Azərbaycan xalqına iki əsr ərzində tamarzısı olduğu qələbələri bəxş etdi! Qarabağ Universiteti ilə yeni həyata qədəm qoyan Xankəndinin bizim olması, Hadrut, Əsgəran, Xocavəndi...cinayətkarlar yuvasına, qorxulu ünvanlara çevirənlərin ayağının bu müqəddəs torpaqlarından birdəfəlik kəsilməsi faktı Azərbaycan xalqı üçün ən böyük mükafatdır. Bizim ölkədə kimsə dininə, dilinə, millətinə görə təqib olunmayıb heç zaman. Təkcə Bakıda 30 min erməni vətəndaşımız var. Amma Azərbaycan qanunlarına xor baxan, bayrağına baş əyməyən kəslər bizdən deyil və olmayacaq, dövlətimiz hətta Qarabağdakı ermənilərə də qalmaq üçün bu, adi şərtləri təqdim etdi. Bu faktın özü Prezident Əliyevin nə qədər böyük ürək sahibi olmasının göstəricisi idi. Təsəvvür edin, vaxtilə Serj Sərkisyan azərbaycanlılar onları tanısın deyə, Xocalı qətliamını törətdiyini etiraf etmişdi. Prezident Əliyevin humanizmi qarşısında təzim etməli olan makronlar və digər yanların sərgilədiyi idbar siyasət heç şübhəsiz ki, iflasa uğrayacaq, Qarabağda uduzduqları kimi, uduzacaqlar!
90-cı illərdə işğal edilmiş kəndlərimizin qayıdışı da 2024-cü ildə baş verdi, məhz Onun qətiyyəti, ərazi məsələsində güzəştsiz siyasəti nəticəsində! Davamı gələcək, əminik! Prezident İlham Əliyev Qarabağı Azərbaycana əbədi qaytardı, ermənilərin viran qoyduğu ünvanlarda həyat qaynayır, Şuşa, Laçın, Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Xankəndi...getdikcə daha gözəl olacaq, doğma sakinlərin sayəsində! Qarşıda daha bir möhtəşəm, ləyaqətli qayıdış var – bu dəfə döyüşsüz, savaşsız qayıdış – Qərbi Azərbaycan ellərinə dönüş! Bu tarixi qələbələri, zəfərləri bizə yaşadan cənab Prezidenti, Ali Baş Komandanı təbrik edirik, sağlam, uzun ömür arzulayırıq! Heç şübhəmiz yoxdur ki, doğum günlərindən birini də məhz Qərbi Azərbaycana qayıdan sakinlərlə birgə keçirəcək! Prezident növbəti ali hədəfimizi elan edib və artıq bütün dünyada Azərbaycan xalqının bu istəyindən xəbərdar olanların sayı günbəgün artır. Zəngəzur dəhlizi ilə Naxçıvana, Türkiyəyə gedəcəyimiz günlərə də çox qalmayıb, çünki deyilibsə, olacaq, sadəcə geci-tezi var!
Prezident 2022-ci ilin 24 dekabrında, məhz doğum günündə Qərbi Azərbaycan İcmasında nə demişdi? Sitat: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.
İnşallah, o gün də gələcək! Bu sözlər də gerçək olacaq, az qalıb...Qərbi azərbaycanlılar müqəddəs yurdlarına qayıdacaqlar - şuşalılar, laçınlılar kimi, gələn il evlərinə dönəcək ağdamlılar, kəlbəcərlilər kimi...Məcburi köçkünlərə işğal dövründə dediklərini reallaşdıran Liderin Qərbi Azərbaycan sakinləri ilə bağlı dediklərinə kiminsə şübhəsi varmı?..(Musavat.com)