Sankt-Peterburqda Heydər Əliyevə həsr olunan sənədli film nümayiş olundu — FOTOLAR

GÜNDƏM 12 dekabr 2024, 21:36

Bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Baş konsulluğunun təşkilatçılığı ilə ümummilli lider, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım günü tədbiri keçirilib.

Demokrat.az xəbər verir ki, ilk olaraq 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin yerləşdiyi Qoroxova küçəsində Ulu Öndərin barelyefi ziyarət edilib və önünə gül dəstələri düzülüb.

Mərasimdə Baş konsulluğun heyəti, Sankt-Peterburq hökumətinin və şəhər administrasiyasının nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Daha sonra Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının “Parlament” mərkəzində Baş konsulluğun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım günü tədbiri keçirilib. Tədbirdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura, Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatları və Leninqrad vilayəti hökumətinin rəsmiləri, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Belarus Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulları, MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya Federasiyası, Qazaxıstan və Tacikistan Respublikasının MDB PA Şurasında səlahiyyətli nümayəndələri, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı doktorantlar və tələbələr iştirak ediblər.

Eyni zamanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən böyük fenomen olduğunu, belə bir dahi şəxsiyyətin azərbaycanlı olmasının Azərbaycan xalqının milli üstünlüyü və bəşəri uğuru olduğunu bildirib.

Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdığını, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu, Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa və bərpa etməyə qadir olduğunu 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdiyini Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə çıxışı zamanı qeyd edib.

Daha sonra çıxış edən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Türkiyə Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Özgün Talu, MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Heydər Əliyevin həyat və fəaliyyəti ərzində Azərbaycan-Rusiya arasında dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafında həyata keçirdiyi misilsiz işlərdən bəhs edərək iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələrinin təməlinin hələ zamanında ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qoyulduğunu bildiriblər.  Onun müstəqil Azərbaycan diplomatiyasının banisi olduğunu, Azərbaycanın tərəqqisi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı yolunda tarixi xidmətlərindən danışıblar.

Həmçinin anım tədbiri çərçivəsində Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı müraciət məktubları Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadəyə təqdim olunub.

Sonda TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Liderin ürəyi” (“Сердце Лидера”) sənədli filmi nümayiş etdirilib.

       

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top