"Sahibkarların güzəştli kreditlərə əlçatanlığı təkmilləşdirilməlidir" — Vüqar Bayramov

GÜNDƏM 10 dekabr 2024, 19:58
Bu ilin  yanvar-noyabr aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 211,7 milyon manat güzəştli kredit verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 % çoxdur. Sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı aiddir.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında deyib ki, belə fondlar vəsaiti kommersiya bankları vasitəsilə təklif edir, çünki fond özü kredit versə, sonradan kreditlərin qaytarılmasına da məsul olmalıdır:

“Demək olar ki, bütün dünyada praktika bundan ibarətdir.  Bu da bir tərəfdən əlavə xərcdir, digər tərəfdənsə əlavə administrativ fəaliyyətdir. Ona görə də demək olar ki, bütün ölkələrdə fondlar bu tip vəsaitləri banklar vasitəsilə təklif edir. Nəzərə alaq ki, banklar da son dövrlərdə kreditləri qısa müddətə təklif etməyə çalışır, elektronlaşmadan istifadə imkanları artır. 
Bizim təklifimiz ondan ibarətdir ki, real sektorun maliyyələşməsi üçün kommersiya bankları tərəfindən belə kreditlər daha qısa müddətdə təqdim olunsun. Bütün prosesin elektronlaşması və şəffaflığın tam gözlənilməsi vacibdir. Banklar tərəfindən proses tamamilə elektronlaşarsa və daha qısa zamanda qərarların verilməsi mümkün olarsa, sahibkarların həmin vəsaitlərə əlçatanlığı tezləşər. Bu istiqamətdə bank sektorunda son illərdə müəyyən addımlar atılıb, amma prosesin daha da təkmilləşdirilməsinə  ehtiyac var”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top