Sumqayıtda gənc illər öncə bibisi oğlunu niyə qətlə yetiribmiş? — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 04 dekabr 2024, 12:09
Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Fuad Qasımov illər öncə bibisi oğlu, Saray qəsəbə sakini Ceyhun Bayramov Novxanı çimərliyində boğaraq öldürüb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Fuad 2012-ci ildə, saat 19 radələrində Xəzər dənizinin Sumqayıt şəhəri, Novxanı çimərliyinə aid “Kalyon” və “Narınqala” istirahət mərkəzinin arasında 800 metr ərazini əhatə edən hissədə çimərkən bibisi oğlu Ceyhunla aralarında zarafatlaşma əsnasında yaranmış mübahisə səbəbindən əsəbiləşərək orada qəsdən öldürmək qərarına gəlib. 

Daha sonra Fuad arxadan əlləri ilə Ceyhunun çiyinlərindən tutaraq aşağı doğru suya batırmaq üçün sıxıb və təxminən 5-10 dəqiqə müddət ərzində onu suyun altında saxlayıb. 

Ceyhun tənəffüs yollarının su ilə tutulması nəticəsində də baş vermiş asfiksiyadan ölməsinə səbəb olmaqla qəsdən öldürüb. 

Qeyd edək ki, Abşeron rayonu, Saray qəsəbə sakini Ceyhun Bayramov Novxanı çimərliyində boğulub ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq Qubadlı rayon Prokurorluğunda ibtidai istintaq aparılıb.

İstintaqla cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 19 iyun 2014-cü il tarixli qərarla dayandırılıb. Bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən istintaq-əməliyyat tədbirləri ilə 10 il əvvəl törədilmiş cinayətin üstü açılaraq Ceyhun Bayramovun dayısı oğlu Fuad Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyən edilib.

Fuad Qasımov 2022-ci il fevralın 8-də rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu Ceyhun Bayramov ilə dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf edib.

İstintaq tərəfindən Fuad Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 2012-ci il tarixdə, günorta saat 14 radələrində yaşadığı məhəllədə adını xatırlamadığı qonşunun evində işləyərkən bibisi oğlu Ceyhun və dostu Elmir ilə birlikdə onun yanına gəlib, havanın isti olması ilə əlaqədar dəniz kənarına gedərək pivə içib dənizdə çimməyi təklif ediblər: 

“Mən işlərimi 1 saatdan sonra qurtarandan sonra onlarla birlikdə oradan çıxıb evimə getdim. Əynimi dəyişdim və Şəhidlər Xiyabanın yaxınlığında yerləşən marketdən bir butulka 2 litrlik “Əfsanə” pivəsi, su, plastik stəkanlar və suxari və xatırlamadığım çərəzlər aldıq. Oradan avtobusla Novxanı çimərliyi Kanyon restoranın qarşısına gəldik. Həmin restoranın qarşısında olan pulsuz çimərlikdə özümüzə qumsal yerdə yer tapıb əyləşdik. Həmin vaxt həftənin iş günü olduğundan çimərlikdə adam az olub. Həmin vaxt ətraflarında təxminən 20-25 adam olub. Elmir aldığımız sulardan limonaddan, mən, bibim oğlu Ceyhunla isə pivə içdik. Orada özümüz ilə gətirdiyimiz pivədən içib söhbət edərək zarafatlaşdıq. Bibim oğlu Ceyhunla aramızda olan zarafat bir-birimizin xoşuna gəlmədiyinə görə sözlü mübahisə yarandı. Mübahisəmiz dərinləşdirmədən orada yekunlaşdırsaq da, bibim oğlu Ceyhunun sözü mənə çox pis təsir etdi. Hazırda zarafatın məğzini xatırlamıram”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onlar üçü də dənizə çimməyə girib, 15-20 dəqiqə dənizdə olduqdan sonra dostu Elmir sahilə çıxmaq istədiyini bildirib və əşyaları olan yerə gedib: 

“Mən isə bibim oğlu Ceyhunla birlikdə dənizdə qaldım. Həmin vaxt, sahildə aramızda olan mübahisə ilə bağlı söhbət etdikdən sonra hirsləndim. Hər iki əlim ilə onun çiyinlərinən arxadan suyun altına salaraq saxlamağa başladım. 

Həmin vaxtı mən suda çırpındığımdan onu da özüm ilə dənizin dərin hissəsinə aparırdım. Üzü dənizə tərəf hərəkət edərkən bibim oğlu Ceyhun və mən üzə bilmədiyimizdən dənizin dərin olmayan hissəsində olmuşuq. Yəni mən onu suyun altında əlləri ilə sıxaraq saxlamasaydım, Ceyhun boğulmazdı. İçkili olduğumdan və bibim oğlunun sözü mənə pis təsir etdiyindən bir anlıq özümü itirərək bu hərəkəti etmişəm. Ceyhun çırpınıb xilas olmaq istəsəm də, mən buna imkan vermədim. Ceyhunun çırpınması 5-10 dəqiqə davam etdi. Onun çırpınması suyun altında olduğundan kənar şəxslərin görməsi mümkün olmayıb. Mən dənizin dərin hissəsinə gedərək orada hay-haray edib, dənizdə özümün batdığını qışqırmağa başladım. 

Mənim səsimə, sahildə xidmət edən Fövqəladə Hallar Nazirliyinin xilasedici yaxınlaşdı, məni oradan uzaqlaşdırdı. Mən xilasediciyə bibim oğlunun suda batdığını dedim. Mən sahilə çıxdıqdan təxminən 10 dəqiqə sonra həmin xilasedici bibim oğlunu sahilə çıxardı. İlkin tibbi yardım göstəriləndə artıq məlum oldu ki, Ceyhun ölüb. Elmir mənim bibim oğlu Ceyhunla zarafatlaşdığımın şahidi olsa da, mənim və bibim oğlunun öldürməsinin şahidi olmayıb, iştırakı olmayıb. Mən bibim oğlu Ceyhuna hər hansı xəsarət yetirməmişəm. Həmin hadisə vaxtı özüm hər hansı bir xəsarət almamışam. Mən törətdiyim  əməldən peşman olmağına baxmayaraq tutulacağım qorxusuyla bu barədə heç kəsə məlumat vermədim”. 

Fuad qeyd edib ki, Sumqayıt şəhər prokurorluğunda izahatı və ifadəsi alınarkən də təqsirsiz olduğunu, həmin hadisəni Elmirin törətdiyini yalandan göstərib: 

“Törətdiyim cinayət əməlinin üstündən 10 ilə yaxın müddət keçməsinə baxmayaraq vicdan əzabı çəkdim. Nəhayət 2021-ci ilin sonunda özümü mənəvi olaraq əməlimi etiraf edərək lazımı cəzanı çəkməli olduğuna inandırdım. Bu səbəbdən də heç bir kənar şəxsin təsiri olmadan öz iradəm ilə bibim oğlu Ceyhunu öldürməyini etiraf edərək layiqli cəzanı çəkməyə hazıram. Ceyhunu öldürməyimi Elmir və başqa şəxs görməyib. Bu barədə hər hansı şəxsin məlumatı olmayıb. 

Əməlimdən çox peşmanam, cinayət işinin obyektiv aparılmasına hər bir köməklik etməyə hazıram. Hadisənin üzərindən uzun müddət keçdiyindən bəzi xırda məqamları içdiyimiz pivənin adını, sayını bu kimi xırda şeyləri ifadə etməsəm də, əvvəllər bu haqda məlumat verdim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fuad 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun  cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
04 dekabr 2024, 21:43
Top