Prezident yeni səfirləri qəbul etdi — FOTOLAR (YENİLƏNDİ)

SİYASƏT 03 dekabr 2024, 13:35

Prezident İlham Əliyev Mavritaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanın və Mavritaniyanın ənənəvi olaraq dostluq şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlət başçısı bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də qarşılıqlı dəstək və birgə fəaliyyətdə də özünü büruzə verdiyini deyib. Prezident İlham Əliyev müxtəlif sahələrdə münasibətlərimizin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi əlaqələrimizin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ilk növbədə Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Sid Əhməd əl-Bekaye Hamadi vurğulayıb ki, Mavritaniya Prezidenti dost ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı ona tapşırıqlar verib.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Mavritaniya Prezidentinə çatdırmağı xahiş edib.

Sid Əhməd əl-Bekaye Hamadi COP29-un çox uğurla keçirilməsi və Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanması və sürətli inkişafı münasibətilə təbriklərini çatdırıb.

Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyən səfir səhiyyə, təhsil, kənd təsərrüfatı, balıqçılıq və mədənçilik sahələrindəki geniş imkanları qeyd edib. O, həmçinin Mavritaniyadan olan tələbələr üçün Azərbaycanda təhsil təqaüdlərinin verilməsi imkanlarına baxılmasını xahiş edib.

Görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələrin potensialının araşdırılması üçün müvafiq işçi qruplarının yaradılması və səfərlərin təşkil edilməsi məsələsi qeyd olunub.

Söhbət zamanı elm və təhsil sahələrində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev El-Salvadorun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.

***

Prezident İlham Əliyev Yəmənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.
 















 





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top