“Ərim gecələr evə gəlməyib, evdə olanda isə...” — MƏHKƏMƏ

KRİMİNAL 28 noyabr 2024, 20:02
Şirvan şəhərində 1988-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zəminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 21 sentyabr 2024-cü ildə, gecə saat 2 radələrində baş verib. Vüsal Zəminə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruq ilə üz və baş nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2011-ci ildə Zəminə ilə ailə həyatı qurub, birgə nigahdan 4 övladı olub: “Son zamanlar Zəminən qısqanclığı səbəbi ilə evdə mübahisələrimiz yaranıb. Sentyabrın 21-də, saat 2 radələrində yaşadığım binanın həyətində dostlarım ilə söhbət etdikdən sonra yaşadığımız mənzilə getdim. Arvadım Zəminə təkrar mənə “sən qızlarla danışırsan” dedi və mübahisə yaratdı. Mən Zəminəyə heç kimlə danışmadığımı söylədim. Zəminə bu sözdən daha da hiddətlənərək məni nalayiq ifadələrlə təhqir etdi. Mən bu təhqirlərə dözməyərək Zəminənin üzərinə getdim və onun baş nahiyəsinə 3 dəfə yumruq zərbəsi vurdum. Bundan sonra mübahisəni bitirərək yatmağa getdim və sonradan baş verənlərdən məlumatım olmayıb”.

Vüsal qeyd edib ki, təxminən saat 5 radələrində polis əməkdaşları onu Zəminənin Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edərək döyülməsi ilə bağlı olaraq polis şöbəsinə dəvət ediblər: “Mübahisə təxminən 10-15 dəqiqə davam etdi. Mübahisə zamanı ətrafda heç kəs olmayıb. Mübahisə zamanı ayıq vəziyyətdə olmuşam. Mübahisə yaşadığımız evdə baş verib. Etdiyim əməldən peşmanam. Arvadımla barışmışam, ona dəymiş ziyanı aradan qaldırmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zəminənin sözlərinə görə, Vüsal ilə 2011-ci ildə rəsmi şəkildə ailə həyatı qurub, birgǝ nigahdan 4 övladı olub: “Vüsal ilə münasibətlərimiz əvvəllər yaxşı olub. Lakin son bir neçə aydır ki, münasibətlərimiz pisləşib. Buna səbəb isə Vüsalın mənə xəyanət etməsi olub. Vüsal bir neçə aydır ki, gecələr evə gəlməyib, həmçinin evdə olan zaman mobil telefonla başqa qadınlarla danışıb. Bu səbəbdən də aramızda tez-tez mübahisələr olub”. 

Zərərçəkmiş şəxsin ifadəsinə görə, sentyabrın 21-də, gecə saat 2 radələrində əri Vüsal yenidən mobil telefonda kimləsə yazışıb, o, ondan kimlə yazışdığını soruşub: “Lakin Vüsal mənə “sən dəli olmusan, mən heç kimlə yazışmıram” dedi. Bu zaman əsəbləşərək Vüsalı təhqir etdim. Vüsal isə cavab olaraq mənim baş və üz nahiyələrimə bir neçə dəfə yumruqla zərbələr endirdi və evdən çıxaraq getdi. Bunda sonra baş nahiyyəmdə ağrılar şiddətləndiyi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət etdim. Vüsal ilə aramızda olan mübahisə təxminən 10 dəqiqə davam etdi. Mübahisə zamanı ətrafda heç kəs olmayıb. Vüsalın məni döyməsi nəticəsində baş nahiyəmdən xəsarət almışam. Ərimlə barışam, ona qarşı hər hansı şikayətim yoxdur”.

Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top