"Gələcəkdə ixracdan asılılığı artıracaq..." — İqlim dəyişikliyinin iqtisadiyyata təsirləri

GÜNDƏM 22 noyabr 2024, 14:59
COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə iqlim dəyişikliyinin iqtisadiyyata təsirləri müzakirə mövzusu olub. Moldovadan ətraf mühit naziri Sergiu Lazarencu iqlim dəyişmələrnin Moldova iqtisadiyyatına ciddi təsir göstərən real böhran olduğunu deyib. Onun sözlərinə görə, gələcəyimiz su ehtiyatları ilə sıx bağlıdır: “İqlim dəyişikliyi hidroloji dövrləri dəyişdirərək quraqlıq, daşqın və digər ekstremal hava hadisələri riskini artıraraq su ehtiyatlarına daha çox təsir göstərir. Moldova üçün iqlim dəyişikliyi artıq gələcək təhlükə deyil, quraqlıq və su çatışmazlığı şəklində özünü göstərən, xüsusilə kənd təsərrüfatından asılı olan kənd icmalarında gündəlik həyata və iqtisadiyyata ciddi təsir göstərən real böhrandır. Temperaturun artması, tez-tez baş verən quraqlıqlar və qeyri-müəyyən yağıntılar buğda və qarğıdalı kimi əsas məhsulların istehsalını azaldır. İqtisadiyyatımızın və irsimizin təməli olan üzüm bağları artan problemlərlə üzləşir. Suya çıxışın olmaması həm kənd təsərrüfatına, həm də əhalinin gündəlik ehtiyaclarına təhlükə yaradan ciddi problemə çevrilir”.

İqlim dəyişikliyinin iqtisadiyyata təsirlərini şərh edən iqtisadçı Rəşad Həsənov deyib ki, iqlim dəyişikliklərinin ətraf mühitə, iqtisadiyyata təsirləri son 70 ildir elmi araşdırmaların, tədqiqatların, həmçinin siyasi diskussiyaların da əsas müzakirə mövzusudur. O, Demokrat.az-a açıqlamasında deyib ki, burada ilk növbədə atılan addım məhz iqlim dəyişikliklərini şərtləndirən karbon emissiyasının miqdarının azaldılması yoluyla gözlənilən temperatur dəyişikliyinin nəzarət olunan çərçivədə saxlanmasına yönəlməlidir:

“Bu məsələdə 2050-ci il hədəf götürülür. 2050-ci ilədək temperaturun enməsinə nəzarət ediləcək. Bunun üçün də müxtəlif istiqamətlərdə addımlar atılmalıdır. Təkliflər irəli sürülür, alətlər, mexanizmlər var. Vacib olan budur ki, atmosferə atılan karbon qazınının həcminə təsir göstərən islahatlar aparılsın. Məsələn, nəqliyyyat sahəsində,  enerji istehsalında karbon emissiyalarının azaldılması əsas prioritet olmalıdır. Bərpaolunan enerji mənbələrinin cəlb olunmasıyla bu istiqamətdə mübarizə dərinləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, faktiki təsirlər var. Su çatışmazlığı, israfın qarşısının alınması da ciddi problemdir. Azərbaycanda quraqlıq problemi,  Xəzər dənizinin səviyyəsinin azalması ciddi məsələ olaraq qalır. Quraqlıq  aqrar sektora böyük təhlükə yaradır, məşğulluğu da təhdid edir. Gələcəkdə ixracdan asılılığı artıracaq bir problemdir”. 

Ekspert qeyd edib ki, bütün bunlar sudan səmərəli istifadə konsepsiyasını gündəmə gətirir: 

“Ölkəmizdə suvarma sistemində böyük faizlə torpaq kanallardan istifadə edilir. Bu da su itkisini artırır. Suvarma texnologiyaları müasirləşməli, modern üsullardan istifadə edilməlidir. İçməli sudan təsərrüfat və texniki məqsədlərlə istifadə aradan qaldırılmalıdır. Ölkəmiz suyun təkrar istifadəyə yönəltmə faizinə görə də dünyanın bir sıra ölkələrindən  geri qalır. Su itkisinin qarşısını almaq vacib məsələdir. Suyun toplanması üçün də müvafiq infrastruktur yaradılmalıdır. Həm dövlət tərəfindən həyata keçirilən layihələrlə, həm də maliyyə dəstəyi göstərilməklə bu problem həllini tapa bilər”. 

R.Həsənovun fikrincə, sahibkarlıq subyektlərinə kömək göstərilərsə, bu, ümumi işimizə töhfə verə bilər:

“Bankların idarə edilməsində dairəvi iqtisadi modelə keçid vacib xarakter almaqdadır. Kiçik, mikro və orta biznesin maliyyələşdirilməsi alətlərinin yaradılması gələcəkdə müvafiq iqtisadi zərərləri realizə etməyə kömək edə bilər.  Bu məsələlər COP29 çərçivəsində də müzakirəyə çıxarılıb. Əsas məsələ hökumətlərin nə dərəcədə qərarlı olmasından asılı olacaq”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top