"Yaxşı təhsil alan tələbə cəmiyyətə iqtisadi dəyər qatır" — Təhsil eksperti

GÜNDƏM 18 noyabr 2024, 13:56
"Sərəncamla daha çox SABAH qruplarının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu günə qədər ali təhsil müəssisələrində, auditoriyalarda islahat sisteminə keçə bilməmişdik. Ona görə də SABAH layihəsi ortaya çıxmışdı. SABAH layihəsinin məqsədi o idi ki, bir neçə ali təhsil müəssisələrində bir neçə yüksək bal toplamış tələbələri daha fərqli mühitdə ali təhsilə cəlb etsin. Bunu bacardıq".

Bu sözləri Demokrat.az-a təhsil eksperti Qoşqar Məhərrəmov deyib: 

"Ancaq mən düşünürəm ki, biz universitetlərdə bütün auditoriyaları dəyişdirməliyik. İlkin mərhələdə bunun çətin olduğunu nəzərə almaq lazımdır. Məsələn, bir müəllim hansısa auditoriyada dərs keçib 7-8 manat alırsa, SABAH qruplarında 30 manat alır. Bu əlbəttə, dərsin keyfiyyətinə təsir edir. SABAH qrupları uğurlu nəticə verdi. Ona görə də bu yanaşmanı ölkənin bütün ali təhsil sisteminə yaymaq istəyirlər. 

Ali təhsil sistemi ali təhsilə qədəm qoymuş bütün tələbələri əhatə edir. Bu mənada bütün tələbələrin təhsil şəraitləri eyni olmalıdır.  SABAH qrupları bütün ali təhsil sistemini əhatə etməlidir".

Ekspert bildirib ki, yaxşı təhsil alan tələbə cəmiyyətə iqtisadi dəyər qatır:

"Daha müasir bacarıqlara sahib olur. Xaricdə dünyanın yaxşı universitetlərində magistr təhsili ala bilir. Sonra gəlib ölkəmizdə əmək bazarında həmin təhsili istifadə edə bilir. Ona görə də yaxşı dərs alan tələbənin gələcəyi daha yaxşı olur".


Onun sözlərinə görə, yeni SABAH qrupları açılan universitetlərdə yeni səriştələrə malik olan müəllimlər tapılmalıdır:

"Həqiqətən o müəllimlər keyfiyyətli dərs keçə biləcəksə, bu məsələ həll oluna bilər. Ancaq müəllimlərin sadəcə məvacibi dəyişəcəksə, heç nə dəyişməyəcək. Müəllimlə birlikdə dərsin keyfiyyəti, metodu, məzmunu dəyişməlidir. 

Universitetlərin mütləq yeni kadrlara ehtiyacı var. Bunun üçün də yeni kadr axtarışları etməlidirlər, həm də öz müəllimlərini daha yaxşı yetişdirməlidirlər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top