Azərbaycan COP29-a yüksək səviyyədə evsahibliyi etməklə növbəti möhtəşəm uğura imza atır

GÜNDƏM 13 noyabr 2024, 15:58
Dünyanın Bakıya toplaşması həm də  ölkəmizin sabitləşdirici, birləşdirici aktor kimi  artan roluna işıq salır

Dövlət başçısı İlham Əliyevin “Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” çağırışı hazırda  planetimizə səs salan, Azərbaycanın gündən-günə yüksələn beynəlxalq nüfuzunun göstəricisi olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mahiyyətini, ölkəmizə qazandırdığı növbəti dividendləri özündə ehtiva edir. Bu gün ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycan olaraq COP29 kimi son dərəcə möhtəşəm beynəlxalq tədbirə  ev sahibliyi edir. İki həftə ərzində dünyanın mərkəzinə çevrilmək Azərbaycanın bu günə qədər keçdiyi yolun, eyni zamanda, tədbirdən sonrakı dövrün  reallıqları barədə aydın təsəvvür yaradır. Prezident İlham Əliyev  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu rəqəmləri xüsusi qeyd etdi ki, COP29-da iştirak etmək üçün 196 ölkədən  72 min iştirakçı qeydiyyatdan keçib.  Onların sırasında 80 Prezident, vitse-prezident və Baş nazirlər var.

Təbii ki, bu rəqəmlər özündə mühüm məqamları  ehtiva edir. Öncə qeyd etməliyik ki, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi dünya birliyinin ölkəmizə olan hörmətinin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Dünya ictimaiyyətinin dərin hörmətini qazanan Azərbaycan yaratdığı yeni körpülərlə bu rolunu daha da möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında xüsusi vurğuladı ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Azərbaycan  müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini salır. Ölkəmizin  başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib.

Millət vəkili qeyd edib ki, bu gün Baklda öz işini uğurla davam etdirən COP29 yeni əlaqələrin qurulmasında, yeni körpülərin  salınmasında əhəmiyyətli rol oynayacaq. Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin say tərkibinə, müzakirə olunan məsələlərin əhatə dairəsinə  diqqət yetirsək Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, söz sahibliyini aydın şəkildə görə bilərik. Liderlər Sammitindəki çıxışlarda səsləndirilən fikirlər də  bir daha bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar,  müxtəlif sahələrdə zəngin təcrübəsi ilə sivil dünyanın diqqətində olduğunu təsdiqləyir. BMT-nin Baş katibi Antonio Quterreş  bu real qiymətləndirmənin təsdiqi olaraq  bildirdi ki, Prezidentlər  əməkdaşlığımıza etibar edə bilərlər. Həqiqətən də Prezident İlham Əliyevin  səyi nəticəsində uğurlu bir COP-a imza atacağıq.  Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif isə  COP29-a Azərbaycanın, Bakının ev sahibliyi etdiyinə  görə dövlət başçısı İlham Əliyevə  təşəkkür etdi. Bildirdi ki,  həqiqətən də Siz  rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan isə biz sülhü yarada bilmərik.  Liderlər Sammitində Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələr təqdir edildi. NASA astronavtları xanım Sunita Vilyams və Nik Heyqin  Beynəlxalq Kosmik Stansiyadan xüsusi videomüraciətlərində vurğuladılar ki,   beynəlxalq komanda olaraq Azərbaycana, eyni zamanda, COP29-da iştirak edən bütün tərəflərə planetimizin gözəlliyini və təhlükəsizliyini qoruduqlarına görə təşəkkür edirik. Göründüyü kimi, Azərbaycanın qlobal çağırışları yüksək səviyyədə cavablandırması, bu problemlərin həlli üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyini bildirməklə yanaşı, bu məsələlərin reallaşmasına verdiyi davamlı töhfələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır.

Vüqar Rəhimzadə vurğulayıb ki,  Azərbaycanın beynəlxalq arenada oynadığı rol, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfələri göz qabağındadır. Azərbaycanın BMT-dən  sonra dünyada ikinci ən  böyük siyasi  təsisat olan, sıralarında 120 ölkəni birləşdirən  Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artırılması yönümündə atdığı addımlar qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin Liderlər Sammitindəki çıxışında qeyd etdiyi  kimi, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar  iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola biləcəyini söyləməyə əsas verir. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda,  mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə  iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq  Forumu təşkil edilir. Multikulturalizm  dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

Milli Məclisin deputatı  bildirib ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. COP29-un iştirakçılarının çoxluğu, ən əsası böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə etmələri ilə yanaşı, onları ölkələrində təbliğ etmələrinə geniş imkanlar yaradacaq. Tarixi Zəfərimizdən sonra hazırda işğaldan azad edilmiş  ərazilər genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Liderlər Sammitindəki çıxışlarda da qeyd olunduğu kimi, dağılmış şəhərlərimiz, kənd və qəsəbələrimiz Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində yenidən bərpa edilir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. Qonaqlar ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı qazanırlar. Prezident İlham Əliyev Liderlər Sammitindəki  çıxışında diqqəti bir daha  30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq.

Vüqar Rəhimzadə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin  davamlı uğurlara yol açdığını, ən əsası yeni dostlar və tərəfdaşlar qazanmasına geniş imkanlar yaratdığını vurğulayıb. Bildirib ki, Azərbaycanın xarici siyasətində müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsasdır. Yeni dövrün çağırışları bu sahədə uğurların davamlılığını şərtləndirir. Hazırda ölkəmizdə yaşıl enerjiyə keçid prioritetdir. Azərbaycanın yaşıl enerji tərəfdaşlarının coğragiyası  getdikcə genişlənir. Bunu bugünədək imzalanan  sənədlər, eyni zamanda, COP29-un dünyanın marağında olması bir daha təsdiqləyir. COP29-da Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya,  Polşa, Yunanıstan, Cexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin fəal iştirakı, Azərbaycanın ünvanına səsləndirilən xoş sözlər, ölkəmizlə bağlı təəssüratlar respublikamıza beynəlxalq baxışın nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Ölkəmizin qlobal problemlərin, o cümlədən iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində  göstərdiyi səylər real addımlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın qlobal əməkdaşlığa növbəti çağırışının təqdimatı oldu. Prezident İlham Əliyev çıxışında bu rəqəmlərə də diqqəti yönəltdi ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir.  Ötən il Birləşmiş Ərəb Əmirliklərinin  “Masdar” şirkəti  regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırılır. Dövlətimizin başçısı “Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb” söyləyərək addımların davamlı olacağına əminliyini ifadə etdi. Göründüyü kimi, yaşıl enerji gündəliyimiz Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib.

Millət vəkili qısa təhlil əsasında bu ümumiləşdirməni aparıb ki, Azərbaycan növbəti uğur hekayəsini yazır. COP29 Azərbaycana böyük iqtisadi və siyasi dividend qazandıracaq. Yeni əlaqələr, yeni körpülər qurulacaq. Azərbaycan bu əlaqələrin təşəbbüsçüsü və iştirakçısı olaraq beynəlxalq arenada söz sahibliyini daha da artıracaq. Dünyanın Bakıya toplaşması, qlobal məsələlərin məhz Azərbaycanda müzakirə olunaraq ümumi mövqeyin ortaya qoyulması ölkəmizin sabitləşdirici, birləşdirici aktor kimi  artan roluna işıq salır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top