Haqqın qələbəsi inkaredilməzdir

GÜNDƏM 31 oktyabr 2024, 21:28
Mən Gürcüstan Respublikasının daxili işlərinə qarışmaq fikrində deyiləm. Ancaq dost və qonşu ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması, beynəlxalq normalara, insan haqlarına, hüquqlarına hörmətlə yanaşılması Cənubi Qafqazda əminamanlığın yaradılması baxımından, eləcə də dövlətimiz üçün çox əhəmiyyətlidir.    
                        
Çox təəssüflər olsun ki, müstəqil siyasət yürütmək, asılı vəziyyətdən qurtarmaq, Qərbin, Avropanın təsirlərindən çıxmaq istəyən Gürcüstana ciddi təpkilər, təsirlər güclənməkdədir. “Gürcü arzusu” partiyasının, iqtidarın parlament seçkilərində qazandıqları qələbəni Qərb, Avropa ölkələri qəbul etmək istəmir.     
                        
Xalqımızın erməni faşizmi üzərindəki qələbəsini, inkişafımızı, müstəqil siyasətimizi, beynəlxalq aləmdə artan nüfuzumuzu qəbul etmək istəməyənlər, siyasi zorakılıq, təcavüzə xidmət, beynəlxalq hüquqa, demokratiyaya zidd, insan haqlarına hörmətsizlik nümunəsi olan saxta qətnamələrlə, qərarlarla Azərbaycana təsir etməyə cəhd göstərənlər Gürcüstanı da hədəfə alıblar. Çünki gürcü xalqı onların şovinist amallarına, müharibə çağırışlarına qarşıdır. Ölkədə ki, agent şəbəkənin, pulla alınan müxalifətin, qarşıdurmaların əleyhinədir. Sülhə, demokratiyaya arxalanan bir dövlət qurmaq arzusundadır. ABŞ, Fransa, Avropa isə bunu istəmir, özünə gərəkli olan müxalifəti hakimiyyətə gətirmək, Gürcüstanı da Ermənistan kimi oyuncağa çevirmək, Ukrayna kimi dağıtmaq fikrindədirlər.            

Çox acınacaqlı haldır ki, Əli Kərimli başda olmaqla radikal müxalifətin bir çox üzvləri də bu gün ABŞ-ın, Fransanın faşist məqsədli, ölkəmizin əleyhinə olan qüvvələrin mövqeyindən sıxış edir, Gürcüstanda seçkilərin saxtalaşdırıldığını bəyan edir, qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərini təqdir edirlər.                            

Vətən, xalq, torpaq sevgisi çətinlikləri aradan qaldırmağa, qalib gəlməyə qadirdir. Azərbaycanın tarixi qələbəsi buna nümunədir və haqqın, ədalətin qələbəsi inkaredilməzdir.                                                           
Tahir Rzayev                                        
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top