Azərbaycan Prezidentinin BRICS+ formatında verdiyi mühüm mesajlar — ŞƏRH

GÜNDƏM 25 oktyabr 2024, 14:58
Ölkəmiz beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Prezident İlham Əliyevin bu günlərdə Kazana reallaşan səfəri və səfər çərçivəsində mühüm əhəmiyyətli hadisələrə şahid olmağımız dövlətimizin başçısının dünyada artan nüfuzunu bir daha təsdiqlədi. Qürurverici haldır ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Tatarıstanın ali dövlət mükafatı - “Dostluq” ordeni ilə təltif olunub. Digər mühüm əhəmiyyətli hadisə isə dövlətimizin başçısının Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və çıxışı oldu. Azərbaycan Prezidentinin bu nüfuzlu tədbirdən verdiyi mesaj mühüm əhəmiyyətə malikdir.

Demokrat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi əvvəlcə BRICS təşkilatı haqqında məlumat verib. Deyib ki, bu, iqtisadi bir təşkilatdır. Bu təşkilata üzv olan ölkələrə nəzər saldıqda arealının geniş olduğunu görmək olar. Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Təşkilatın builki sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıb. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib və dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.

Çingiz Qənizadə qeyd edib ki, təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. Bununla yanaşı, ölkələrin beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.

Belə bir mühüm əhəmiyyətli təşkilatın sammitində Prezident İlham Əliyevin iştirakını və çıxışını yüksək dəyərləndirən Ç.Qənizadə deyib ki, dövlətimizin başçısı çıxışında mühüm əhəmiyyətli mesajlar verdi və bu da tədbir iştirakçıları tərəfindən dəstəkləndi: “Prezident qeyd etdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.

“Tədbir çərçivəsində diqqət çəkən məqamlardan biri də Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, – deyə Ç.Qənizadə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top