Qərb üçün yolun sonu, BRICS üçün başlanğıcı — Azərbaycanın geostrateji əhəmiyyəti artır

GÜNDƏM 25 oktyabr 2024, 16:52
“Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” şüarı ilə Rusiyanın Kazan şəhərində baş tutan XVI BRICS sammiti geosiyasi gündəmin əsas mövzularından biridir. 

18 il öncə Çin, Rusiya, Hindistan və Braziliyanın təşəbbüsü ilə ərsəyə gələn və sonradan Cənubi Afrika Respublikasının da qoşulduğu BRICS-in 2009-cu ildə Yekaterinburq şəhərində ilk sammiti keçirilib. Hazırda təşkilatın 9 üzvü var və dünyanın inkişaf etmiş və etməkdə olan dövlətləri BRİCS-ə üzvlüyə xüsusi maraq göstərirlər. Qərbin birqütblü dünya qurmaq planlarına qarşı alternativ platforma sayılan BRICS üzvlər arasında qarşılıqlı öhdəlik yaratmasa da, tərkibindəki Yeni İnkişaf Bankının ümumi dəyəri 100 milyard ABŞ dolları civarında qiymətləndirilir. Qrupa üzv ölkələr dünya əhalisinin yarıya qədərini, ərazisinin 40, ÜDM-nin və qlobal ticarətin 30 faizini özündə cəmləşdirir. Bu isə öz növbəsində BRICS-in beynəlxalq miqyasdakı əhəmiyyətini ciddi şəkildə artırır. 

“Böyük yeddilər”i iki dəfə daha çox artırmla qabaqlayan BRICS-in gələn ilin ortalarına qədər dünya iqtisadiyyatındakı payını 40 faizə çatdıracağı ehtimal olunur. Bu,“Qərb klubu”na qarşı ciddi rəqib sayılacaq və yaxın gələcəkdə onu qabaqlayacaq dövlətlər klubunun artıq formalaşdığını söyləməyə əsas yaradır. Azərbaycanın üzvlük müraciətinə xüsusi diqqət göstərilməsi ölkəmiz üçün də mühüm fürsət kimi qiymətləndirilə bilər. Göründüyü kimi, beynəlxalq münasibətlər sisteminin əsas oyunçularından birinə çevrilən Azərbaycan aparıcı beynəlxalq platformada həlledici söz sahibi olmağa hazırlaşır. Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Azərbaycanın uğurlu fəaliyyəti, məntiqli, ardıcıl, çoxvektorlu, eləcə də milli maraqlara söykənən müstəqil diplomatik siyasət yürütməsi, mühüm nəqliyyat qovşağı və logistika mərkəzinə çevrilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsinə olan xüsusi diqqət burada vacib rol oynayır. 

44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra yaranan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq müstəvidə xüsusi əhəmiyyət qazanan Azərbaycanın quruma üzvlüklə bağlı müraciətinə müsbət yanaşmalar bir daha təsdiq edir ki, bu təşkilatın fəaliyyətində həlledici ölkələrdən birinə çevrilməyin astanasındayıq. Hansı ki, Çin, Rusiya, Hindistan kimi dünya nəhənglərinin qatıldığı, Türkiyənin də üzvlük üçün müraciət etdiyi bu platformanın irəli sürdüyü əsas meyarlardan biri sabitliyin təminidir. Beynəlxalq analitiklərin qənaətinə görə isə Çin və Azərbaycan bu kriteriyaya cavab verən əsas ölkələrdir. Azərbaycan BRICS-in əsas dövlətlərindən olan Rusiya ilə tarixi mədəni, siyasi və iqtisadi əlaqələrə malikdir. Daha bir aparıcı ölkə Çinlə münasibətləri yüksələn dinamikadadır. 

Çin sədri Si Çinpinin Azərbaycanı  “Bir kəmər, bir yol” layihəsində əsas tərəfdaş, Prezident İlham Əliyevi isə Çin xalqının dostu adlandırması münasibətlərin parlaq gələcəyindən xəbər verir. Görünən odur ki, həm Çin, həm də Azərbaycan qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır və bu da ikitərəfli təmaslar üçün yeni perspektivlər açır. BRICS-ə üzv olan dövlətlərin sürətli inkişafı Azərbaycanın da qarşısında geniş imkanlar yaradır və açıq şəkildə söyləmək olar ki, Azərbaycan BRICS üçün həm də Qərbə açılan pəncərə rolunda çıxış edir. Bu isə öz növbəsində ölkəmizin goesiyasi müstəvidəki strateji mövqeyini və əhəmiyyətini daha da artırır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasına ev sahibliyi edəcək Azərbaycanın bu mötəbər və nüfuzlu beynəlxalq tədbirə yüksək hazırlıq səviyyəsi, dövlət və hökumət başçılarının, onminlərlə xarici qonağın ölkəmizə təşrif buyurması fonunda Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatda təmsilçilik perspektivləri onun dünyadakı önəmli ölkələrdən biri olaraq gücünə güc qatır. Prezident İlham Əliyevin “Outreach”/”BRICS+” formatının ilk plenar iclası zamanı nümayiş etdirdiyi mövqe, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin ərazimizdən keçməsini, nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentlərinin uğurla fəaliyyət göstərdiyini, ölkəmizin Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini vurğulaması bir daha təsdiq edir ki, həyata keçirilən çoxtərəfli diplomatiya Azərbaycanı dünya siyasətinin fövqünə doğru aparır. 

Azər Niftiyev
Siyasi şərhçi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 oktyabr 2024, 19:46
Top