Bağçalarda diaqnostika keçirilir — Müəllimlər faydalanacaq

GÜNDƏM 11 oktyabr 2024, 19:20
Gələn həftə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, oktyabrın 19-20-də baş tutacaq prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq və 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Təhsil eksperti Elnur Aydın Demokrat.az-a açıqlamasında söyləyib ki, uşaq bağçalarında pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllimlərin və metodistlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zəif tərəfləri müəyyənləşdirməyə və peşəkar inkişafı təmin etməyə kömək edə bilər.



“Diaqnostik qiymətləndirmə pedaqoji fəaliyyətin keyfiyyətinin artırılmasına, uşaqlara verilən təhsilin daha yüksək səviyyədə olmasına yönəlib. Uşaq bağçalarında pedaqoji heyətin ilkin qiymətləndirməsi həm təhsilin keyfiyyətini artırmaq, həm də tədris kadrlarının motivasiyasını artırmaq baxımından faydalı olacaq. Diaqnostik qiymətləndirməni  işçilərin əmək haqqının differensiallaşmasını hədəfləyən ilkin və doğru addım hesab edirəm. Qiymətləndirilmə prosesi müəllimlərin güclü və zəif tərəflərini müəyyənləşdirərək onlara şəxsi inkişaf istiqamətində dəstək ola bilər. Bu proseslə müəllimlərin peşə yararlılığının müasir tədris metodlarına uyğun olub-olmamasının ilkin qiymətləndirilməsi mümkün olacaq”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top