"Sosial şəbəkələrdəki neqativ fikirlərə qarşı əks təbliğat aparılmalıdır" — Bu gün qızların günüdür

GÜNDƏM 11 oktyabr 2024, 17:07
Bu gün beynəlxalq qız övladları günüdür. Qız övladlarına qarşı hələ də cəmiyyətin müəyyən kəsimi arasında ayrı-seçkilik qalmaqdadır, bəzi ailələrdə qızlara ögey münasibət sərgilənir. Qızlar təhsildən yayındırılır, erkən yaşda ailə qurmağa məcbur edilirlər. Hələ də qızların sərbəstliyini məhdudlaşdıran, işləməyinə, təhsil almasına mane olan ailələr, valideynlər var. 

Təmir Dünya Qadınlara Yardım ictimai birliyinin sədri Mehriban Zeynalova Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu stereotiplərlə mübarizənin bir neçə yolu var:

"Bunlardan da ən təsirlisi mədəni fəaliyyətlərdir. Mədəniyyət vasitəsilə, mədəni, maarifləndirici tədbirlər keçirməklə bu stereotiplərlə mübarizə aparmaq olar. Bu, mədəniyyət mərkəzlərinin çoxaldılması, müxtəlif tamaşaların göstərilməsi, mədəni proqramların həyata keçirilməsi ola bilər".

M.Zeynalova deyib ki, ikinci istiqamət təhsildir. Təhsili stimullaşdırmaq və təhsil almaq imkanlarını əlçatan etmək lazımdır:


"Xüsusilə də qız uşaqlarını təhsilə cəlb etmək vacibdir. Bir çox ölkələrdə qız uşaqlarını təhsilə cəlb etmək üçün xüsusi proqramlar həyata keçirilir, xeyriyyəçilər bu işdə fəallıq göstərir və təhsili qızlar üçün əlçatan edirlər".

Sədr ailələrə sosial dəstəyin artırılmalı olduğunu bildirib:

"Bu, qız uşaqlarına qarşı məhdudiyyətləri, ayrı-seçkiliyi aradan qaldıra bilər. Çünki bir çox ailələrin iqtisadi durumu ürəkaçan deyil, bu da ailədəki qız uşaqlarına qarşı mənfi münasibətin formalaşmasına səbəb olur.

Dini sahədə fəaliyyət göstərən şəxslər ailələrə qızlarına təhsil verməyə çağırış edə bilər. Bizim dinimiz qızların təhsil almasını dəstəkləyir. Bu şəxslər cəmiyyətin sözügedən kəsimində təsir göstərə bilər".

Ekspertin fikrincə, qızların təhlükəsizliyi məsələsi öndə gəlir: 

"Bununla bağlı vacib tədbirlərin görülməsinə ehtiyac var. Sosial şəbəkələrdə yayılan neqativ fikirlərə qarşı əks təbliğat aparılmalıdır, cəmiyyət qızların təhsil almasına dəstək verməlidir.

Düşünürəm ki, Azərbaycan xalqı təhsilə önəm verir, bu, hər zaman belə olub. Qızların təhsil almasını da əksəriyyət vacib hesab edir. Sadəcə bəzi neqativ hallar aradan qalxmalıdır ki, əvvəlki statusumuzu qaytara bilək. Azərbaycanda çox güclü qızlar var. Məhz onların vasitəsilə maarifləndirmə işləri aparılmalıdır".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top