"Əhmədin azadlığa buraxılması cəmiyyəti narahat etsə də..." — Millət vəkili məhkəmənin qərarına münasibət bildirdi

GÜNDƏM 11 oktyabr 2024, 16:34
“Əhməd adlı gəncin öz ailə üzvlərinə etdiyi amansız qəsd əlbəttə ki, hər bir insanı düşündürür və narahat edir. Çünki bu, bir ailənin, nəslin bədbəxtliyidir. Burada, ilk növbədə, Əhmədin valideynləri günahkardırlar, övladlarının xəstə oduğunu yaxşı bilirdilər və vaxtında müalicə olunmasını təmin etməli idilər. Amma bunun əvəzinə ona avtomobil alınıb, sürücülük vəsiqəsi verilib, cəmiyyət içində sərbəst hərəkət etməsinə imkan yaradılıb. Artıq gecdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev qeyd edib ki, cinayətkarın azadlığa buraxılması ictimaiyyəti narahat etsə də, bu cinayət hüquq-mühafizə orqanları tərəfindən dəqiq araşdırılıb: 


“Həkimlər rəy bildiriblər və bunun əsasında o, müalicə almaq üçün psixiatriya müəssisinə yerləşdirilib. 

Azərbaycan cəmiyyətində hüququn aliliyi təmin olunur. Sözsüz ki, məhkəmənin qəbul etdiyi qərar mühüm faktlara əsaslanır. Bu məsələ hər nə qədər cəmiyyəti narahat etsə də, verilən qərara hörmətlə
yanaşmaq lazımdır. Əhmədin müalicəsi davam etdirilməli, o, güclü nəzarət altında saxlanılmalıdır”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü  Əhməd Əhmədovun işi üzrə qərar elan edilib. Qərara görə, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olması müəyyən edilib. 

Qərarda göstərilib ki, Əhməd Əhmədov ittiham olunduğu maddələr üzrə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib. O, cinayət məsuliyyətindən azad olunub.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top