Arvadı evdən qaçan kişi dostunun evinə hücum çəkdi — TƏFƏRRÜAT

KRİMİNAL 11 oktyabr 2024, 17:12
Abşeron rayonunda 1976-cı il təvəllüdlü Cavid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dostu Hilala (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Cavid arvadı Sevincin evdən getməsindən sonra onun telefonda Hilal ilə mesajlarının olmasını müəyyən edib. 

Bundan sonra Cavid arvadının harada olması faktlarını aydınlaşdırmaq məqsədilə Hilalın yaşadığı evə gedib. 

Evin həyətində Hilal ilə aralarında yaranmış mübahisə zamanı sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə, həmçinin mətbəx çəngəli ilə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurub. 

Hadisəni törədən Cavidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Hilalı uzun müddətdir tanıyır, onunla yaxın dostluq münasibətləri olub: 

“Hilal həmçinin mənim evimə gəlib-gedib. 2022-ci ilin avqustun 27-də kirayə yaşadığımız Abşeron rayon Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi nömrəsiz fərdi yaşayış evində olan zaman arvadım  Sevincin mobil telefonunda Hilalla mesajlaşmasını gördüm. Telefonu onun əlindən dərhal aldım. Sevinc həmin vaxt evdən çıxaraq getdiş Telefonuna baxdıqda Hilalla mesajlarını gördüm. Həmin gündən evə qayıtmadı. 

Bununla əlaqədar Hilalla söhbət etmək, Sevincin harada olmasını soruşmaq və məsələni aydınlaşdırmaq məqsədilə Xırdalan şəhərinə, onun yaşadığı evə getdim. Həyətlərinə daxil olaraq onu çağırdım. Hilal evdən çıxaraq məni söyməyə başladı. Bu zaman məni söydüyünə görə onun sifətinə yumruqla bir dəfə zərbə vurdum. Həmin vaxt Hilal üzərimə hücum çəkdi. Bu zaman divarda əlimə keçən mətbəx çəngəlini götürərək onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurdum. Bundan sonra çıxaraq oradan uzaqlaşdım. Çəngəli yerə atdım. Sonra Masazır qəsəbəsinə, yaşadığım evə qayıtdım. Daha sonra Hilalın barəmdə polisə şikayət etdiyini öyrəndim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Hilalın sözlərinə görə, Cavidi uzun müddətdir tanıyır, onunla münasibətləri yaxşı olub: 

“Cavidlə şərikli taksi sürücüsü kimi işləyidim üçün onun evinə gedib-gəlirdim. Hadisə günü, saat 20 radələrində yaşadığım evdə olan zaman həyətdən səs-küy gəldiyini eşitdim. Həyətə çıxdıqda Cavidin məni çağırdığını, mənə qarşı nalayiq ifadələr işlətdiyini gördüm. Yaxınlaşaraq ondan nə istədiyini soruşdum. Cavid arvadı Sevincin harada olmasını soruşdu. Mən isə cavabımda Sevincin harada olmasını bilmədiyimi dedim. Bu zaman Cavid yumruqla sifət nahiyəmə zərbə vurdu. Daha sonra isə əlində olan mətbəx çəngəli ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr vuraraq getdi.  Bundan sonra dərhal baş vermiş hadisə ilə əlaqədar şikayət etdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Cavid 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top