Tələbələrə nəqliyyat pulsuz ola bilər — "Vahid tələbə kart"nın üstünlükləri nədir?

SOSİAL 09 oktyabr 2024, 16:27
Azərbaycanda tələbələrə "Vahid tələbə kartı"nın verilməsinə başlanılır. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu barədə məlumat verib. Onun sözlərinə görə, kartların tətbiqinə oktyabrın 15-dən başlanacaq və ilkin olaraq 11 universitetin tələbəsinə veriləcək. 

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında söyləyib ki, bu kartla tələbələrə müəyyən sahələrdə bəzi imtiyazlar şamil olunacaq:



“İlkin mərhələdə kitab mağazalarında, geyim alış-verişində, bəzi kafe və restoranlarda tələbələrə endirimlər ediləcək bu kartla. Gələcəkdə isə nəqliyyatda da tələbələrə bu kartla güzəştlərin edilməsi nəzərdə tutulur. Kartın digər üstün cəhətləri də odur ki, karta məbləğ daxil etməklə müxtəlif ödənişlər həyata keçirmək, başqa birinin kartına vəsait göndərmək mümkün olacaq. 

Həmçinin, rəqəmsallaşma istiqamətində işlər görülür, gələcəkdə tətbiq şəklində bu kartdan tələbələr yararlana biləcəklər. Dünyanın əksər ölkələrində tələbələr kartlardan istifadə edir, onlara bir çox güzəştlər edilir, sosial vəziyyətləri yaxşılaşdırılır. İstərdik ki, Azərbaycanda da gələcəkdə tələbə kartı ilə xüsusilə nəqliyyatda tələbələrə güzəşt edilsin, gedişhaqqı onlar üçün aşağı və ya pulsuz olsun. “Vahid tələbə kartı” bütün dövlət ali təhsil müəssisələrini əhatə etməlidir. Özəl universitetlər də bu imkandan yararlanmalıdır”. 

Qeyd edək ki, "Vahid tələbə kartı" hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa- Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələrinə verilir.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top