Kitab sərgilərinin keçirilməsi gənclərin kitaba marağını artırır

GÜNDƏM 05 oktyabr 2024, 18:40
Uşaq və gənclərin mənəvi inkişafında kitab böyük yer tutur. Müstəqil həyata atılan gənclərə kitab yol göstərir, köməkçi olur. Kitab yeni dünya, yeni baxış, yeni düşüncə tərzi deməkdir. İnsan kitab oxuyaraq öyrənir, kəşf edir, həmçinin başqalarını öyrədir, ümumilikdə cəmiyyətin savad və bilik səviyyəsinin artmasına yardımçı olur. Kitab maarifləndirici resurs olaraq cəmiyyətdə mühüm əhəmiyyət daşıyır. Kitaba, oxumağa marağın artırılması, cəmiyyətdə bunun təşviq etmək vacib məsələdir. Ölkəmizdə keçirilən kitab tədbirləri bu baxımdan önəm kəsb edir. Bu il də ənənəvi olaraq Bakı Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. 2-8 oktyabr tarixlərini əhatə edən kitab sərgisi regionun ən böyük kitab tədbiridir. Builki sərgi həm də dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunuduğu üçün xüsusi mahiyyət daşıyır. Kitab sərgisinə yerli yazarlar, tərcüməçilər, naşirlər qatılıb. Həmçinin sərgiyə dünya şöhrətli ədəbiyyat nümayəndələri də dəvət olunub. Sərginin fəxri qonaqları arasında tanınmış adları görmək mümkündür. 



Tanınmış jurnalist, yazıçı, publisist Kərim Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, əhalinin kağız kitaba marağının azaldığı bir vaxtda kitab sərgilərinin keçirilməsi müsbət haldır: 



“Keçənilki sərgidə öz kitablarımla iştirak etmişəm, həm də o zaman redaktoru olduğum TEAS PRESS-in stendlərində olmuşam. Bakıda və regionlarda keçirilən bir çox kitab sərgilərində olmuşam. Kitabla bağlı bütün tədbirlər cəmiyyətdə kitaba qarşı öləziməkdə olan marağı qaytarır, həvəsi gücləndirir. Təəssüflə qeyd edəcəyim bir nüans var ki, bu cür sərgilərdə iştirak edən insanların bir qismi kitab almaq istəyir, çoxlu kitablarının olmağını istəyir, amma maddi cəhətdən imkanı olmadığı üçün istədiyi hər kitabı əldə edə bilmir. Düşünürəm ki, bununla bağlı xeyriyyəçilər, iş adamları, hətta bəzi müvafiq dövlət qurumları müxtəlif təşəbbüslər irəli sürə bilər, bunu nəzərə alsalar, çox yaxşı olar. Xüsusilə tələbələr, elmi fəaliyyətlə məşğul olan şəxslərin, magistratura, doktorantuta pilləsində təhsil alanların kitablara ehtiyacı var, amma cəmiyyətin sosial cəhətdən həssas qruplarıdırlar. Aztəminatlı ailələrdə böyüyən uşaqlar, gənclər də kitab almaqda çətinlik çəkirlər. Bundan başqa bu cür kitabla bağlı tədbirlər düşünürəm ki, bölgələri də əhatə etməlidir. Təkcə paytaxtda və iri şəhərlərdə tədbirlərin keçirilməsi kifayət deyil. 

Xarici ölkələrə səfərlərim zamanı müşahidə etmişəm ki, orada kitaba maraq və kitablara əlçatanlıq bizdəkindən çoxdur. Say nisbətinə baxsaq, görərik ki, bizdə vəziyyət o qədər də ürəkaçan deyil. Həm əhalinin əksəriyyətinin maddi durumu yüksək deyil, həm kitablar bahadır, həm də yaxşı, faydalı kitablar azdır. 12 ildən artıq TEAS PRESS nəşriyyat evində işləmişəm. Düşünürəm ki, bu nəşriyyat evi kitab sahəsində uğurlu işlər görüb. Həm tərcümələrin keyfiyyəti, həm də redaktə işi baxımından seçilir. 

Fikrimcə, gənclər arasında kitabı, oxumağı, oxuyaraq öyrənməyi geniş təbliğ etmək lazımdır. Kitablar zəngin bilik qaynağı, insanda həyata, gələcəyə dair baxış bucağı formalaşdıran əvəzsiz vasitədir”.

Millət vəkili Fazil Mustafa da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı fikirlərini sayta açıqlamasında bölüşüb:



“Kitab tədbirlərinin keçirilməsinin böyük əhəmiyyəti var. Bu ənənəni davam etdirmək lazımdır. Naşirlərin problemlərini həll etmək lazımdır, kitab sənayesi, kitab istehsalı ilə bağlı müəyyyən problemlər yaşayırıq. Builki sərginin təbliğatı zəif oldu, televiziyalarda, sosial şəbəkələrdə sərgi barədə xəbərlərə çox yer verilmədi. Geniş təbliğat işinin aparılması cəmiyyəti kitab oxumağa cəlb etmək üçün vacibdir. İnsanlar kitab sərgilərinin keçirilməsi barədə məlumatlı olmalıdırlar ki, onlarda gəlib görməyə, kitab almağa maraq oyansın. Bu məsələlərdə daha çox aktivlik göstərməli olduğumuzu düşünürəm. Bu il sərgidə ötən illərlə müqayisədə canlanma daha zəif idi. İnsanları, xüsusilə də gəncləri bu istiqamətdə həvəsləndirmək olduqca vacibdir”.

Törə Zeynallı
Demokrat.az      

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top