COP29-da ərzaq təhlükəsizliyi ilə bağlı təkliflər irəli sürülməlidir — AÇIQLAMA

COP29 01 oktyabr 2024, 20:12
BMT-nin keçmiş baş katibi Pan Gi Mun Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində panel iştirakçılarına videomüraciət edib. O, ərzaq probleminin dünya ölkələri üçün ciddi fəsadlarının olduğunu deyib. Qeyd edib ki, kifayət qədər maliyyələşmə olarsa, qlobal iqlim problemlərinin həllində daha çox insan iştirak edə bilər. 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld isə tədbirin kinci günündə keçirilən paneldə deyib ki, beynəlxalq ictimaiyyət ərzaq sisteminin təbiətə və ətraf mühitə zərər vermədən təhlükəsiz istifadəsini təmin etməlidir. Diplomat vurğulayıb ki, XXI əsrin ortalarına qədər bu sistem bütün dünyada 10 milyard insanı kifayət qədər əlçatan qida ilə təmin etməli olacaq.

Söylənilən fikirlərə iqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında münasibət bildirib. Ekspert hesab edir ki, Bakıda keçiriləcək COP29 tədbirində bu məsələ ilə bağlı irəli sürülən təkliflərdə ölkələrin ərazisində iqlim dəyişikliyinə davamlı olan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ana xətti təşkil etməlidir:

“Kənd təsərrüfatı sektorunun əsas vəzifəsi ölkələri kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Bitkilərin dayanıqlılığını təmin etmək üçün torpağa kalium və fosfor gübrələri verilməlidir. Hər ölkə yetişdirdiyi məhsulu özündəcə seleksiya etməlidir. Çünki iqlim dıyişikliyi heç də bütün dünyaya eyni dərəcədə təsir göstərmir. 

Saxlanıla bilən ərzaq ehtiyatları var ki, bunları geniş şəkildə tədarük etmək lazımdır. Məsələn, buğdanı beş il saxlamaq mümkündür. Yüksək məhsuldarlıqlı sortlar yetişdirib uzun müddət saxlamaq lazımdır ki, gələcəkdə məhsuldarlıq aşağı düşərsə, onlardan istifadə edilsin. Azərbaycanda əkilən əksər bitkidən hələ ki, yüksək məhsuldarlıq götürmək mümkündür”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top